Ermənistan pul ödəsə də silah ala bilmir - Paşinyan Azərbaycanı günahlandırır

12:06 | 29.09.2022
Ermənistan pul ödəsə də silah ala bilmir - Paşinyan Azərbaycanı günahlandırır

Ermənistan pul ödəsə də silah ala bilmir - Paşinyan Azərbaycanı günahlandırır

Azərbaycan Ermənistanın müttəfiqləri ilə münasibətlərdə müəyyən uğurlar əldə edib və Ermənistana silah-sursatın verilməsini pozmaq üçün əlindən gələni edir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib. Rəsmi Bakı bu barədə hələ ki açıqlama verməyib.

"Elə ölkələr var ki, yüz milyonlarla dollar ödənilib, lakin onlar Ermənistana silah tədarükü üzrə öhdəlikləri yerinə yetirmir. Azərbaycan Ermənistana silah verilməsini pozmağa çalışır. Amma biz öz suverenliyimizi, ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyəcəyik və sərhədlərimizdə dayanan o qəhrəmanlara dəstək  verəcəyik. Biz həmçinin bütün beynəlxalq tərəfdaşlarla çox fəal işləyirik və bütün məsələlərin diplomatiya yolu ilə həll edilməsi ilə bağlı bütün çağırışları dinləyirik və eşidirik və razıyıq. ”, - Paşinyan bildirib.
 
Paşinyanın fikrincə, burada yeganə məqsəd Ermənistanın öz dövlətçiliyindən, suverenliyindən imtina etməsi və ərazi bütövlüyü ilə bağlı güzəştə getməsidir.
  
Paşinyan hökümət iclasında Azərbaycan bölmələrinin Ermənistan tərəfini atəşə tutduğunu da iddia edib. 
 
"Dünən Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisində mühəndis işləri aparan ER Silahlı Qüvvələrinin hərbçilərini atəşə tutaraq növbəti təxribata əl atıb. Bizim mövqeyimiz birmənalı və dəyişməzdir - Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini tərk etməlidir", Paşinyan deyib.

Azərbaycan MN dünən məlumat yayaraq Ermənistanın ''təxribatları davam etdirdiyini'' deyib.
 
"Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - Azərbaycan tərəf yazıb.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) beynəlxalq silah transferləri barədə hesabatına görə, Ermənistan silahı Hindistan və İordaniyadan alır. Hindistanın silah ixracının 11%, İordanoyanın isə 10%-i Ermənistanın payına düşür. Hindistan isə Rusiyanın ən çox silah satdığı ölkədir. Belə ki, Rusiya silah ixracının 28% məhx Hindistanın payına düşür. Rəsmi Yerevan 2023-cü il üçün hərbi büdcəsini 11 faiz genişlədərək 640 milyon dollardan 710 milyon dollar həddinə çatdırıb. 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib ki, Ermənistan "təxribat törədərsə" cavabını alacaq.

"Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq. Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”, - Prezident deyib.

 
Ermənistan və Azərbaycan arasında son genişmiqyaslı müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb.2020- ci ili noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bəyanata əsasən, sülh müqaviləsi imzalanmalı olsa da, proses 2 ildir ki, gerçəkləşmir.
 
Ləman



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb