Azərbaycan gələn il beynəlxalq tədbirlərə xərcləri 2 dəfədən çox azaldır

13:58 | 23.09.2015
Azərbaycan gələn il beynəlxalq tədbirlərə xərcləri 2 dəfədən çox azaldır

Azərbaycan gələn il beynəlxalq tədbirlərə xərcləri 2 dəfədən çox azaldır

Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində bunun üçün 26 mln. manat nəzərdə tutulub

Gələn il nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində 26,0 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
"Report"un gələn il dövlət büdcəsi layihəsinə istinadən verdiyi xəbərə görə, bu da 2015-ci illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. Qeyd edək ki, 2015-ci ildə beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60,0 mln. manat nəzərdə tutulub.

Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ÜDM-in 25,2%-i həcmində olmaqla nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır. Cari ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb. Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 2,17% çoxdur.

Xatırladaq ki, gələn il Bakıda "Formula 1" yarışı keçiriləcək. Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən "İçərişəhər" tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM