Spamerlərin korporativ sektora marağı artıb.
anews.az xəbər verir ki, bu barədə APA "Kaspersky Lab” şirkətinin yaydığı hesabata istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2017-ci ilin ikinci rübündə şirkətin mütəxəssisləri müxtəlif təşkilatların əməkdaşlarının tərkibində zərərverici əlavələr olan elektron məktublar aldığını müəyyən ediblər. Bu cür məktublara bir çox müxtəlif zərərvericilər əlavə olunur. Yəni, hücum olunan təşkilatın daxili servislərinə və maliyyə sistemlərinə daxil olmaq üçün login və parollar oğurlanır.
Bundan başqa, ifşa olunmamaq üçün spamerlər bir sıra fırıldağa da əl atıblar. Məsələn, müdafiə həlləri zərərverici proqramları açmamışdan öncə müəyyən edə bilməməsi üçün parollu arxivə yerləşdirilərək göndərilib.
Məktubları alan şəxslərin sayıqlığını zəiflətmək üçün isə cinayətkarlar zərərverici yollamaları işgüzar məktublaşma kimi göstəriblər: "Bununla belə, onlar nəinki iş poçtunu nüsxələyir, həmçinin mövcud şirkətin rekvizitlərindən, imzalarından və loqotiplərindən istifadə edirlər, məktubun mövzusu bölməsində isə şirkətin fəaliyyət profilinə uyğun olmağa çalışırlar”.
Spam-yollamalar üzrə (o cümlədən korporativ istifadəçilər üçün) ötən rübün ən qaynar mövzusu "WannaCry” şifrələyicisi olub: "Bütün dünya üzrə poçt vasitəsilə yeni zərərverici ilə mübarizə aparmağa dair xidmətlər təklif olunurdu: yoluxmanın qarşısının alınması, təlim seminarlarının keçirilməsi və s. Bəzi məktublar tanınmış proqram təminatı istehsalçıları adından göndərilirdi. Məktubda qeyd olunurdu ki, istifadəçinin kompüteri virusa yoluxub və o, müəyyən bir yenilənməni quraşdırmalıdır. Məktubda yenilənməni yükləmək üçün link də qeyd olunurdu, lakin bu link istifadəçini fişinq səhifəsinə yönləndirib”.
"Kütləvi məktub yollama prosesində cinayətkarların "WannaCry”ı xatırlamaları bir daha onu göstərir ki, onlar potensial qurbanları olan – istifadəçilərdə ən çox narahatlıq hissi yaradan qlobal hadisələri necə diqqətlə izləyirlər. Hansısa bir hadisənin ətrafında yaranan ajiotaj cinayətkarların xeyrinədir, axı insan stress zamanı və ya hadisənin gedişatını bilmək məqsədilə ona gələn qaynar mövzulu məktubu açacaq, qeyd olunmuş linkə daxil olacaq və nəticədə cinayətkarların tələsinə düşəcək”, - deyə "Kaspersky Lab” şirkətinin kontent təhlili üzrə mütəxəssisi Darya Loseva bildirib.
Ümumiyyətlə isə, ikinci rüb ərzində dünya poçt trafikində spamın payı cüzi artaraq 57% təşkil edib.
2017-ci ilin ikinci rübünün yekunlarına görə, spamın mənbəyi üzrə dünya reytinqində ilk üç lider arasında dəyişiklik baş verib. Siyahıda ən çox göndərilən spam üzrə ilk yerdə 12,37%-lə Vyetnam qərarlaşıb. İkinci yerdə göndərilən spamın payının 10,1% olduğu ABŞ tutub. Üçlüyü əvvəlki kimi Çin tamamlayır. Bu ölkənin göstəricisi rüb ərzində 1,19 faiz bəndi artaraq 8,96%-ə çatıb. Azərbaycan isə bu göstəriciyə görə siyahıda 70-ci yerdədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !