Azərbaycan Nazirlər Kabineti "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nı təsdiq edib.
"Report"un xəbərinə görə, bu qaydalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fonduna kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumlarının tədarükü, saxlanılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
Dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən dövlət sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir.
Dövlət sifarişçisi hər il Fonda orta bazar qiymətləri nəzərə alınmaqla, toxum tədarükü barədə KİV-də elan dərc etdirir.
Fonda toxum tədarükü zamanı mühafizə olunan sortun patent sahibinin seleksiya nailiyyətləri haqqında qanunvericilikdə nəzərdə tutulan hüquqlarının qorunması ilə bağlı məsələlərin tənzimlənməsi satıcının (malgöndərənin) üzərinə düşür.
Tədarük üçün satıcı (malgöndərən) tərəfindən təklif olunan toxumun Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin toxumun sertifikatlaşdırılması laboratoriyası tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır.
Fonda 2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə yol verilmir.
Yerli toxumun qəbulu üçün satıcı (malgöndərən) sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatının və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş fitosanitar sertifikatının surətlərini Fonda təqdim etməlidir.
Ölkə daxilində satıcıdan (malgöndərəndən) Fonda toxumun qəbulu barədə nümunəsi dövlət sifarişçisi tərəfindən müəyyən edilən qəbul aktını 3 nüsxədə olmaqla, dövlət sifarişçisinin nümayəndəsi, satıcı (malgöndərən), saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi malgöndərəndə, bir nüsxəsi dövlət sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.
İdxal edilən toxumun qəbulu üçün toxumun istehsal edildiyi ölkənin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş uyğunluq, fitosanitar və mənşə sertifikatları, idxal karantin icazəsinin surəti tələb olunur.
Dövlət sifarişçisinin saxlanma məntəqələri (anbarları) çatışmadıqda, həmin məhsul müqavilə əsasında müəyyən edilmiş tələblərə cavab verən hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (anbarlarında) saxlanılır.
Saxlanma məntəqələri hər ay saxlanılan toxumun həcmi haqqında dövlət sifarişçisinə onun təsdiq etdiyi formaya uyğun hesabat təqdim edirlər.
Təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər) nəticəsində Fondda saxlanılan toxumun miqdarında azalma barədə saxlanma məntəqəsi tərəfindən dövlət sifarişçisi məlumatlandırılır və müəyyən edilmiş itki faktı aktlaşdırılaraq toxumun ümumi həcmindən silinir.
Təbii itkilər nəticəsində silinmiş toxum Fondun gəlirləri hesabına dövlət sifarişçisi tərəfindən yenisi ilə əvəz edilir, Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən sığorta olunur.
Fondun vəsaiti dövlət büdcəsindən ayrılan vəsaitlərlə, saxlanılan toxumun istifadəsindən əldə olunan vəsaitlərlə, dövlət və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələrlə, qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxilolmalarla formalaşır.
Təsdiq olunan qaydalarda taxılın istifadə forması da əksini tapıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !