BYD şirkəti ilə elektrik
mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb.
Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha
təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların
azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir. Bu məqsədlə
İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat və Maliyyə nazirlikləri tərəfindən
ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində müvafiq işlər görülür.
Çinin "BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının
lokallaşdırılması layihəsi üzrə "Layihənin icra müqaviləsi”nin imzalanma
mərasimi keçirilib. Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur
Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə
nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz
ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin
təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və "Electrify Azerbaijan” MMC-nin direktoru
Tariyel Rüstəmov imzalayıblar. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda
elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması,
2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması
nəzərdə tutulur.
Şirkətlə bağlanmış müqavilə əsasında COP29
konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD
markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai
nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və
yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb. Qeyd olunub ki,
layihənin icrası Azərbaycanda yaradılacaq yeni istehsal sahələrində yüksək
texnologiyaların tətbiqinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasını
təmin edəcək. Bildirilib ki, COP29 çərçivəsində
müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal
səylərə sadiqliyini bir daha sübut edir.
Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində
"Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD
şirkətinin Azərbaycandan olan tərəfdaşı "SARDA Group” şirkətinə məxsus
"Electrify Azerbaijan” MMC-dir.
Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında
qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə
yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın
qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları
nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin
yaradılması planlaşdırılır.
Eyni zamanda, BYD şirkəti ölkəmizdə əlavə dəyər
zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də
investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül
yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli
minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !