Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr kateqoriyasında yer alıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat BMT İnkişaf Proqramının insan potensialının inkişafı üzrə məruzəsində əksini tapıb.
Gürcüstan, Azərbaycan, Ukrayna və Ermənistan da həmin kateqoriyada yer almaqla müvafiq olaraq 76, 78, 81, 85-ci yerləri tutub.
İnsan potensialının orta inkişaf səviyyəsinə malik olan ölkələr kateqoriyasında isə Moldova, Türkmənistan, Özbəkistan, Qırğızıstan yer alıb.
Məruzəyə əsasən, Norveç, Avstraliya, İsveçrə, Danimarka və Niderland dünyada insan inkişafının ən yüksək səviyyədə olduğu ilk beşlikdə qərarlaşıb.
Qeyd edək ki, sənəd müxtəlif ölkələrdə həyat səviyyəsi, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət göstəriciləri, cinayətkarlıq səviyyəsi, ətraf mühitin qorunması, insanların qərar qəbuletmə prosesində iştirakı kimi faktorlar nəzərə alınaraq hazırlanıb.
Məruzədə, həmçinin, qeyd edilib ki, səhiyyə, təhsil və yoxsulluğun azaldılması istiqamətində əldə edilən nailiyyətlər sayəsində son 25 ildə aşağı həyat səviyyəsində yaşayan insanların sayı 2 milyarda qədər azalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !