Azərbaycan İraq şirkətlərini işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edib. Bunu çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Biz işğaldan azad edilən, əlverişli investisiya mühitinin yaradıldığı ərazilərin inkişafına özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq edirik", - nazir qeyd edib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrə kapital qoyuluşlarının cəlbediciliyini artırmaq məqsədilə Azərbaycanda 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər tətbiq edilib.
"2023-cü ilin əvvəlindən 10 il müddətinə avadanlıq, texnoloji avadanlıq və cihazlar, o cümlədən xammal və materiallar ƏDV və idxal gömrük rüsumlarından azad edilib. Hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də vergidən azad edilib", - Cabbarov əlavə edib.
O, Bakıda keçirilən biznes forumun hər iki ölkənin iş adamları arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə səbəb olacağına əminliyini ifadə edib.
Forumun sonunda Azərbaycan-Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şuranın yaradılması haqqında razılaşma imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !