İŞİD-lə mübarizədə ABŞ-la birgə olacaq, koalisiya yaradacaq ölkələrin adları açıqlanıb. Ölkələrin adları qeyd olunan sənəd "İŞİD-ə qarşı mübarizədə İraq və Suriya xalqına yardım üçün beynəlxalq cəhd" adlanır.
ANN.Az-ın verdiyi xəbərə görə, siyahıda Türkiyə və Azərbaycanın adı yoxdur.Onu da qeyd edək ki, Amerikanın İŞİD terrorçu qruplaşmasına qarşı başlatdığı genişmiqyaslı kompaniyaya bir sıra müsəlman dövlətləri də dəstək verib.
ABŞ-ın əsas istəklərindən biri də Türkiyənin bu kompaniyaya cəlb olunmasıdır. Azərbaycan isə hələlik gözləmə mövqeyində durub. Dövlət rəsmiləri verdiyi açıqlamalarında terrorizmin əleyhinə olduqlarını və dünyanın harasında olmasından asılı olmayaraq bu kimi vəhşilikləri pislədiklərini bildiriblər.
Politoloq Vəfa Quluzadə Azərbaycanın bu siyahıda olmamasını özünün müharibə vəziyyətində olması ilə izah edib.“Azərbaycan özü Ermənistanla müharibə vəziyyətindədir. Amerika çox istəyərdi ki, Azərbaycanda burada yer alsın.
Qonşu Gürcüstanda vəziyyət başqadı. Gürcüstanın iki əyaləti Rusiya tərəfindən işğal olunub və müstəqil dövlət elan edilib. Onlarda atəşkəs xətti yoxdur. Hər gün atəşkəs pozulmur. Hələlik müharibə təhlükəsi yoxdur. Bizdə isə var.”
Politoloq Rasim Musabəyov isə Azərbaycanın da gələcəkdə bu koalisiyaya qoşula biləcəyini bildirib. “Azərbaycan hələlik o koalisiyaya qoşulmayıb. Burada söhbət ondan getmir ki, Azərbaycan və Türkiyə həmin terrorçu qruplaşmanın əleyhinə deyil. Əlbəttə əleyhinədir. Ola bilsin ki, Azərbaycan və Türkiyə özlərini Amerikanın yaratdığı bu koalisiyada görmürlər.
Hələlik orada Amerikanın tam əlaltıları yığılıb.Azərbaycan hələ tələsmir. Bu məsələdə Azərbaycan özünü sərbəst saxlamaq istəyir. Oraya bir çox ölkələr hələ qoşulmayıb. Məsələn, Rusiya, İran və s.”
Mehman
ANN.Az