Azərbaycan dəmir yollarında sərnişindaşıma təsərrüfatının yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhərində yeni sərnişin vaqonları istehsal edəcək zavodun tikintisi planlaşdırılır.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, artıq İsveçrənin «Stadler» şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyi və «Azərbaycan Dəmir Yolları» QSC səviyyəsində danışıqlar aparılıb: «Hazırda həmin şirkətlə texniki sənədlər və layihələr işlənilir. Məqsədimiz bu il bu layihəni tam yekunlaşdırıb işə başlamaqdır». Q.Nəzirov deyib ki, bundan başqa, «Azərbaycan Dəmir Yolları» bu il həmin şirkətdən 30 sərnişin vaqonu almağı planlaşdırır: «Artıq 2014-cü ilin dövlət büdcəsindən bunun üçün 30 mln. manat ayrılıb. Bu müqavilə bağlandıqdan sonra «Stadler» şirkəti Azərbaycan dəmir yolları üçün 30 sərnişin vaqonunun istehsalına başlayacaq». İdarənin rəis müavini qeyd edib ki, gələcəkdə həmin şirkət bu vaqonların texnologiyasına uyğun olaraq Gəncə şəhərində bu tip vaqonların istehsalına başlayacaq: «Hesab edirəm ki, bununla da Azərbaycan dəmir yollarında olan sərnişin təsərrüfatının bütün problemləri həll olunacaq. Gəncə şəhərində yeni tikiləcək vaqon zavodu isə həm əhali, həm də dəmiryolçular üçün əlavə iş yerlərinin açılmasına imkan yaradacaq». Q.Nəzirov əlavə edib ki, ölkəyə gətiriləcək 30 ədəd yeni sərnişin vaqonu və gələcəkdə bu zavodda istehsal ediləcək yeni vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə istismara buraxılacağı nəzərdə tutulub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !