“Əlbəttə, Azərbaycandan heç bir jurnalistin bu çempionatın açılışında iştirak etməməsi və məlumat yaymaması xoşagələn hal deyil”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.
“Çünki futbol üzrə Dünya Çempionatı bütün dünya ölkələrinin və bu ölkələrin vətəndaşlarının böyük əksəriyyətinin diqqət mərkəzində olan bir hadisədir. Lakin bütün mətbuat orqanları sərbəst və azaddır. Hər halda bu təşəbbüs mətbuat orqanlarının özlərindən gəlməli idi. Əgər heç bir mətbuat orqanının ağlına bunu etmək gəlməyibsə, bu, təəssüfləndirici haldır.
Çempionatın başlaması ərəfəsində Mətbuat Şurasına bu haqda heç bir müraciət daxil olmayıb. Yəqin ki, daxil olsaydı, şura da öz imkanları daxilində bu müraciəti dəyərləndirərdi. Səbəbləri çox ola bilər. Bəzi mətbuat orqanları maddi imkanının olmadığını, bəziləri özünü sırf bir sahəyə həsr etdiyindən bu qədər dünya əhəmiyyətli bir hadisəni gözdən qaçırıb kimi səbəb gətirə bilər. Amma bu səbəbləri hər bir mətbuat orqanının sahibi öz prizmasından baxaraq söyləsə, daha düzgün olar. Mən onların səbəblərini əlbəttə, şərh edə bilmərəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !