Azərbaycan millisi FİFA reytinqində rekord vurdu

13:22 | 10.04.2014
Azərbaycan millisi FİFA reytinqində rekord vurdu

Azərbaycan millisi FİFA reytinqində rekord vurdu

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.Apasport.az saytının məlumatına görə, martın 13-dən sonra yığmaların iştirakı ilə az sayda oyun baş tutsa da, cədvəldə xeyli dəyişikliklər qeydə alınıb. Bu dəyişikliklər ən çox Azərbaycan millisinin xeyrinə olub. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək nöqtəsinə qalxıb. Martın 13-də açıqlanan sıralamada 369 xalla 91-ci yerdə olan yığmamızın artıq 398 xalı var. Oynamadan qazanılan 29 xal yığmamızın 6 pillə irəliləməsinə səbəb olub. Hazırda 85-ci pillədə qərarlaşan Azərbaycan millisi indiyədək heç vaxt belə yüksəyə qalxmamışdı. Mütləq rekorda imza atan komandamız bu günədək ən yaxşı halda 88-ci olmuşdu. Həmin nəticə 2013-cü ilin oktyabrına təsadüf etmişdi. Foqtsun yetirmələri 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdırdı. Millimiz ötən ayla müqayisədə Yeni Zelandiya, Toqo, Qabon, Konqo, Uqanda, Konqo DR yığmalarını keçib. Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 56-cı, Bolqarıstan 463 xalla 73-cü, Malta 204 xalla 127-cidir. Ötən ayla müqayisədə sonuncular 7, Norveç 1 pillə irəliləyibsə, digərləri geriləyib. İtaliyalılar 1, xorvatiyalılar 4, bolqarıstanlılar isə 6 pillə geri düşüb. Reytinq cədvəlinin ilk 2 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-cidir. Portuqaliya isə 1 pillə irəliləyərək, 3-cü olub – 1246 xal.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM