Neft
İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans
formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin
yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın
təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. Qeyd edək
ki, yeni ”Əməkdaşlıq Bəyannaməsi”gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç
mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə
uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barrel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb.
Meksika istisna olmaqla digər "OPEC plus” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı
razılıq əldə ediblər.
"Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə,
"OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən
23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar.
Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085
mln.barrel, qeyri-OPEC ölkələri üçün isə
3,915 mln. barrel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin
hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki
öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.
Dünya
neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə
Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik
xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı
həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554
min barrel həcmində saxlamalıdır.
2020-ci
ilin iyul-dekabr aylarında isə "OPEC
plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18%
olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə
gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib. Azərbaycan
bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel
səviyyəsində saxlamalı olacaq.
Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar
ayından 2022-ci ilin aprelinədək isə "OPEC plus” üzrə gündəlik neft hasilatının
2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması öz
əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri
OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan
isə həmin dövrdə 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq
öhdəliyini götürməli olacaq.
Videokonfransa
"OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya,
Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda "OPEC plus” formatından kənar
neft ölkələrinə də bu prosesə qoşulmaq
çağırışı edilib.
İclasda çıxış edən Energetika naziri Pərviz
Şahbazov deyib: "Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən
ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə
kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik
qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil.
Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü
bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə "OPEC plus”dan
kənar ölkələrin cəlbi isə olduqca
vacibdir.”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !