Azərbaycan prezidenti Gennadi Züqanovu qəbul edib

21:22 | 09.02.2015
Azərbaycan prezidenti Gennadi Züqanovu qəbul edib

Azərbaycan prezidenti Gennadi Züqanovu qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov ulu öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun rəhbərliyi altında çalışmasını və onunla səmimi münasibətlər qurulmasını dərin ehtiramla xatırlayıb.
 
Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan G.Züqanov həmin illərdə nümayəndə heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini deyib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izləndiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirib. Bakını dünyanın inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlət başçısı ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını deyib və həmin təşkilat çərçivəsində əlaqələrimizin bu gün də bu prinsiplər əsasında davam etdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM