Azərbaycan prezidentinə sui-qəsd hazırlayanların yaxın adamı həbs edildi

15:06 | 21.09.2015
Azərbaycan prezidentinə sui-qəsd hazırlayanların yaxın adamı həbs edildi

Azərbaycan prezidentinə sui-qəsd hazırlayanların yaxın adamı həbs edildi

Onun "Eurovision-2012” ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olub

Kiyevin "Borispol" aeroportunda tutulan Valeh Əmirəliyevin Azərbaycan prezidentinə sui-qəsd hazırlayan mütəşəkkil dəstə ilə əlaqələri üzə çıxıb.
 
APA-nın əldə etdiyi məlumata görə, Qusar rayon sakini, 1986-cı il təvəllüdlü Valeh Cavanşir oğlu Əmirəliyev "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olub.
 
V. Əmirəliyev V. Padarov və Samir Sanıyevin rəhbərlik etdiyi dəstənin bəzi üzvləri ilə birgə Rusiyada da bır sıra ağır cinayət törədib. V. Əmirəliyev 2011-ci il noyabrında isə mütəşəkkil dəstənin üzvləri İlham Gülməmmədov, Faiq Süleymanov və Zaur Seyidovla birgə Zaqatala şəhərinə gələrək Vüqar Padarovla görüşüb, Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları terrorla bağlı müzakirələr aparıb.
 
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb.
 
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku” və "JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, "Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.
 
Qeyd edək ki, Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan V. Əmirəliyevi bu il sentyabrın 19-da Kiyevin "Borispol" aeroportunda saxlayıblar.  
 
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
 
O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.
 
Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti