Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri səfirlərinin Polad Bülbüloğlunun təşəbbüsü ilə Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə görüş keçirilib.
Səfirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Rusiya XİN-də baş tutan görüşdə Rusiya xarici işlər nazirinin müavini Qriroriy Karasin, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd xidməti rəhbərinin müavini Vladimir Moçalov, XİN və FMX-in müvafiq bölmələrinin rəhbərləri iştirak ediblər.
K.Romodanovskiy miqrasiya qanunvericiliyindəki yeniliklərdən danışıb və deyib ki, mövzu birbaşa əhalinin maraqlarını əks etdirdiyindən bəzi hallarda miqrantlarla bağlı insidentləri qərəzli işıqlandıran KİV-lər üzərinə daha böyük məsuliyyət düşür.
Vladimir Moçalov bildirib ki, 2013-cü ilin 10 ayında Rusiyaya gəlmiş Azərbaycan vətəndaşlarının sayı buraya gəlmiş MDB ölkələri vətəndaşlarının ümumi sayının yalnız 6% təşkil edir. Bu da Rusiyaya gələn Azərbaycan vətəndaşlarının axınının azalmasından xəbər verir. Həmin dövr ərzində 3909 Azərbaycan vətəndaşına Rusiyaya daxil olmaq qadağan edilib.
Polad Bülbüloğlu Azərbaycan, hətta bütün MDB ölkələri vətəndaşlarını maraqlandıran aktual məsələlərə toxunub. O xatırladıb ki, hələ 2006-cı ildə Azərbaycan prezidentinin sərəncamı ilə Rusiyadakı Azərbaycan vətəndaşlarının problemlərinin həlli üzrə Dövlət Komissiyası yaradılıb və rusiyalı həmkarlarla faydalı əməkdaşlıq aparılır. Təəssüf ki, indiki mərhələdə əməkdaşlıq yoxdur.
Səfir, həmçinin 2007-ci ildə yaradılan Azərbaycan Miqrasiya Xidmətindən bəhs edib, FMX rəhbərinə 2013-cü ilin iyulunda təsdiq edilən və rus dilinə tərcümə olunmuş Azərbaycan Respublikasının Miqrasiya Kodeksini təqdim edib.
P.Bülbüloğlu çıxışında Azərbaycan vətəndaşlarının çoxsaylı şikayətlərindən danışıb: “Rusiyada miqrasiya sahəsində yeniliklərin tətbiq edildiyi hazırkı mərhələdə Rusiyadan Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları kütləvi şəkildə çıxarılır. Moskva, Sankt-Peterburq və Yekaterinburq aeroportlarında Rusiyaya gələn Azərbaycan vətəndaşlarına heç bir izahat verilmədən Rusiyaya daxil olmaq qadağaq edilir. Nəticədə elə bir vəziyyət yaranır ki, Azərbaycan vətəndaşlarını aeroporta gəldikdə fakt qarşısında qoyurlar və oradan vətəninə göndərirlər. Bu müxtəlif kateqoriyalı vətəndaşlardır – onların arasında Rusiya ali təhsil ocaqlarının tələbələri, hərdən məktəblilər, tranzitlə gedən vətəndaşlar, deportasiya nəticəsində üzvləri biri-birindən ayrı düşən ailələr və s. Hətta iki epizodda Rusiya XİN-də rəsmi akkreditasiyası olan Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Rusiya ərazisinə buraxılmayıblar”.
Səfir narahatlıqla vurğulayıb ki, xarici vətəndaşın Rusiyaya daxil olub-olmaması barədə qərarı Rusiyada biri-birindən asılı olmayan 11 qurum verir və təklif edib ki, qadağa ilə üzləşmiş vətəndaşlara aid informasiya mübadiləsi aparılsın. Azərbaycan Miqrasiya Xidmətinin təmsilçiləri bütün məsələləri müzakirə etmək üçün yaxın zamanda rusiyalı həmkarlarla görüşməyə hazırdırlar.
K.Romodanovskiy bu il dekabrın birinci ongünlüyündə azərbaycanlı həmkarları ilə görüşməyə hazır olduğunu bildirib.
Sonra çıxış edən Özbəkistan, Moldova, Ukrayna və Qırğızıstan səfirləri Azərbaycan səfirinin dediklərini tam dəstəkləyiblər və həmvətənlərinin problemlərindən danışıblar.
ANN.Az