Azərbaycan sülh sənədinin 6-cı variantına hələ cavab verməyib - Ermənistan XİN rəsmisi

13:09 | 04.12.2023
Azərbaycan sülh sənədinin 6-cı variantına hələ cavab verməyib - Ermənistan XİN rəsmisi

Azərbaycan sülh sənədinin 6-cı variantına hələ cavab verməyib - Ermənistan XİN rəsmisi

Azərbaycan Ermənistanın sülh müqaviləsinin altıncı variantı ilə bağlı təkliflərinə cavab verməyib. Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Milli Assambleyada jurnalistlərin suallarına cavab verərək deyib. 
 
"Cavab olanda biz bunu açıqlayacağıq”, - o bildirib. 
 
Rəsmi Bakı hələlik bununla bağlı hər hansı açıqlama verməyib. 
 
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri sərhədlərin delimitasiya ilə bağlı görüşüb. Görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri delimitasiya komissiyalarının iclaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər. 
 
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Gülnar 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM