İraq və Suriyada böyük ərazilərə nəzarət edən, dünya üçün əsas təhdidə çevrilən qəddar başkəsənlər ordusu İŞİD Azərbaycanda da peyda ola bilərmi?
Virtualaz.org saytı xəbər verir ki, Azərbaycanın müstəqillik tarixini araşdırıb yazan nüfuzlu amerikalı tarixçi, Beynəlxalq Vudro Vilson Mərkəzinin əməkdaşı, Massaçusets ştatındakı Amherst Universitetinin professoru Odri Altştadt “The National İnterest” dərgisində dərc olunmuş geniş məqaləsində bu suala cavab axtarıb.
Uzun müddətdir Azərbaycanın Qərbdəki yaxın dostu kimi tanınan tarixçi-alim yazır ki, dünyanın başı İŞİD-in Suriya və İraqda törətdiklərinə qarışdığı bir vaxtda onun və digər bu kimi islamçşı ekstremist hərəkatların strateji baxımdan həssas Cənubi Qafqaz regionuna, xüsusən də enerji resursları ilə zəngin Azərbaycana potensial təsirinə az diqqət ayrılır.
Odri Altştadt yazır: “Birincisi, İŞİD məsələsi haqda. İraqdan şimal-şərq istiqamətdə yerləşən Azərbaycan əsasən sünni azlığa malik şiə ölkəsidir. Dövlət dünyəvidir, lakin şimalda Rusiya ilə Qafqaz dağları boyu sərhədə malik olan ölkədə islamçı ekstremistlər xəyaləti dolaşır. Bu günlərdə aralarında İŞİD-çilər də olmaqla 26 ekstremist Suriyadan Azərbaycana qayıdandan sonra həbs olunublar”.
Bəs Azərbaycan üçün təhlükə nə dərəcədə realdır?
Tarixçi-alimin qənaətinə görə, Azərbaycanda vəziyyət İraqdan fərqlidir. Bir əsrdən çox vaxt ərzində Azərbaycan siyasətində nə dini kimlik, nə də dini ritorika rol oynamayıb. Azərbaycan əhalisi əsasən şiə olsa da milliyyətcə türkdür. XIX əsrdən başlayaraq Azərbaycanda sünnilərlə şiələr arasında əməkdaşlıq, cəmiyyətin modernləşməsi, dünyəvi cəmiyyətin qurulması prosesləri gedib.
Amerikalı müəllif hazırda Azərbaycanda tolerantlığın hökm sürdüyünü, Bakıda dini müxtəlifliyin təmin edildiyini, yəhudi icmasının heç bir maneə olmadan yaşadığını xatırladır.
O.Altştadt qeyd edir ki, Azərbaycanda dini özünüifadə şəxsi məsələ hesab edilir, cəmiyyətdə məscidlərə gedən və ya hicabla gəzən vətəndaşlar olsa da bunu qorxulu hesab etmək olmaz.
“Bununla belə Azərbaycanın radikal islamçılardan sığortalandığını demək tez olardı. Ölkənin şimalındakı sünni əhalisi Şimali Qafqazdakı radikalizmdən təcrid olunmayıb. Bəzi aspektlər göstərir ki, regiondakı dini münaqişələr xüsusən Azərbaycanın kənd rayonlarında parçalanma yaradıb və dərinləşdirib. Lakin bunu təsdiq edən inandırıcı sübutlar yoxdur” - deyə amerikalı alim yazır.
Odri Altştadt hesab edir ki, Azərbaycan hakimiyyəti vəhhabilərə və ya sələfilərə fərq qoymadan bütün dindarları təqib edir. Lakin bu siyasət İslamın dərinliklərdə gizlənmiş siyasi məqsədlərini və azərbaycanlılar arasında gələcəkdə dini radikallaşma potensialını dəqiq ayrıd etməyə imkan vermir.
Alim yazır: “Əgər Azərbaycanda qatı radikal islamçı qruplaşmalar doğrudan da varsa, o, təhlükə təşkil edəcək dərəcədə böyük hesab edilməməlidir. Ancaq iki amil onu daha təhlükəli edə bilər. Birincisi, kasıblıq və ədalətsizlikdən yaranan narazılıq radikalizm üçün kanallar açır. Neft gəlirlərinə və Bakının modernləşməsinə baxmayaraq dərin iqtisadi, sosial və siyasi qeyri-bərabərlik Azərbaycanı islami radikalizm üçün həssas ölkəyə çevirir. Bakının mərkəzindən uzaqlaşanda kasıblıq aşkar gözə çarpır. Sovet dövründə təhsil almış adamlar yeni sahələrdə açılmış iş yerlərindən istifadə edə bilmirlər və öz uşaqları üçün yaxşı təhsil imkanından məhrumdurlar”.
Bəs nə qədər insan bu problemlə üzləşib? Onların alternativləri nədir? Hakimiyyətin israr etdiyi kimi, orta təbəqə formalaşıbmı?
Tarixçi-alimin fikrincə, bu məsələlərə dair məlumatlar ya kifayət deyil, ya da kifayət qədər etibarlı hesab olunmur və bu üzdən yekun nəticə çıxarmağa imkan vermir.
“Rüşvətxorluq endemik xəstəliyə çevrilib, vətəndaşlar hətta çox aşağı maaşlı işə düzəlmək üçün də rüşvət verməyə məcbur olurlar. Korrupsiya və ədalətsizlik isə əhalini ənənəvi əxlaq qütbünə - dinə sürükləyə bilər. Radikal liderlər bu iqlimdən istifadə edə bilər və Azərbaycanın hakim dairələrinin bu problemi həll etmək üçün imkanları çatmaz” - deyə O.Altştadt bildirir.
Alim hesab edir ki, Azərbaycanda siyasi yadfikirliliyin və açıq debatların qarşısının alınması da ekstremizmə imkan yaradır. Müəllif məqalədə son illər həyata keçirilən həbslərdən, “seçki mitinqlərinin məhdudlaşdırılmasından” və s. bəhs edir.
O.Altştadtın sözlərinə görə, demokratik müxalifətin iflasa uğramasından sonra islamçı qruplara marağın artmasını da istisna etmək lazım deyil.
Tarixçi qeyd edir ki, hakimiyyət təhlükəzizlik, müstəqilliyin qorunub saxlanılması (xüsusən də Rusiyaya münasibətdə) və terrorçulardan müdafiə olunmaq tələblərini xüsusi qeyd edir.
“Bunlar real problemlərdir. Lakin seçki müşahidəçilərinin, hüquq müdafiəçilərinin və bloggerlərin Azərbaycanın müstəqilliyini təhdid etdiyinə inanmaq çətindir” - deyə O.Altştadt bildirir.
Virtualaz.org