Bu gün Muzey Mərkəzində “Azərbaycan teatrı - 140” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov bildirib ki, konfransın təşkili Azərbaycan teatr tarixinin keçdiyi yolun öyrənilməsi cari problemlərin həll olunması baxımından əhəmiyyətlidir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Azərbaycan teatrının tarixinə nəzər salıb, dövrlər üzrə teatrın inkişaf mərhələlərini iştirakçıların nəzərinə çatdırıb: “Azərbaycan teatrı haqqında çoxlu sayda ədəbiyyat nəşr olunub, plenar iclaslar keçirilib. Amma düşünürəm ki, bugünkü konfrans xüsusilə əlamətdar olacaq. Bu gün teatr xadimlərinin çıxışları Azərbaycan teatr sahəsinin müxtəlif mövzularını əhatə edəcək” Ə.Vəliyev son illərdə teatr sahəsində həyata keçirilən islahatlardan da danışıb: “Azərbaycan müstəqilliyə qovuşduqdan sonra teatra yeni ab-hava gəldi, yeni səhifələr açıldı. Məhz son illərdə Azərbaycan teatrının on illik inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramına imza atıldı. Azərbaycan teatrları yenidən quruldu, təmir olundu, maddi-texniki bazası gücləndirildi, repertuarlar zənginləşdirildi”. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, xalq artisti Məryəm Əlizadə və başqaları konfransın müasir teatr mənzərəsinin işıqlandırılması istiqamətində rolundan danışıblar. Tədbirdə Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr olunan videoçarx nümayiş olunub. Məryəm Əlizadə “Klassik dramaturgiyanın çağdaş rejissor yozumu: örnəklər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər” və s. mövzularda məruzələrlə çıxış ediblər. Qeyd edək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, AMEA Memarlıq və İncəsənət İnstitutu, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !