Azərbaycan telekanallarında erməni dilində veriliş

16:34 | 21.12.2013
Azərbaycan telekanallarında erməni dilində veriliş

Azərbaycan telekanallarında erməni dilində veriliş

“Biz erməni dilində xəbər yaradanda, Azərbaycanda erməni dilində nə sayt, nə xəbər var idi”.

İnformasiya müharibəsində teleradio önəmli audio-vizual vasitədir. Lakin Azərbaycan teleməkanında erməni dilində kiçik proqramların vacibliyi hələ tam dərk edilmir. Halbuki, Qarabağ savaşında Azərbaycan həqiqətlərini ünvana çatdıracaq vasitələrdən biri, məhz erməni dilində yayım ola bilər.

Ermənilər özləri həmişə etiraf edirlər ki, bu gün də Azərbaycan telekanallarında konsertlərə, əyləncəli proqramlara baxırlar.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu mövzu ilə bağlı danışan ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib:

“ATV olaraq erməni dilində xəbər yaradanda, ümumiyyətlə, Azərbaycanda erməni dilində nə sayt, nə xəbər var idi. Erməni dilində xəbəri ilk dəfə biz yaratdıq – ATV international. O kanal uzun müddət fəaliyyət göstərdi. İndi isə başqa adla, başqa şirkət kimi fəaliyyət göstərir. Hazırda ATV-də erməni dilində proqram yoxdur. Gələcəkdə belə proqramın yaranması ilə bağlı hələ indidən heç nə deyə bilmərik”.

Lider TV-nin baş redaktoru İlham Abdulov:

“Bizdə heç vaxt erməni dilində xəbərlər buraxılışı olmayıb, indi də yoxdur”.

Xəzər TV sözçüsü Aqşin Kamal:

“Şənbə, bazar günlərini çıxmaqla həftənin bütün günlərində saat 16:00-da xarici xəbərlər buraxılışımız var. “Dünyada bu gün proqramı”nda  dünya gündəmi ilə bağlı ən son xəbərlər, siyasi, ciddi məsələlərlə bağlı olan bütün informasiya verilir. Çalışırıq ki, ümumiyyətlə, Azərbaycan ictimaiyyətini maraqlandıran dünya gündəmini tamaşaçılara təqdim edək. Mənə elə gəlir ki, bu da bir yenilikdir, digər telekanallarda ayrıca bir buraxılış yoxdur. Ona görə də ehtiyac duyulmur ki, başqa hansısa xarici dildə, yaxud erməni dilində buraxılış olsun. Biz, Ermənistandan da xəbərlər veririk. Erməni dilində buraxılış verilməsi hazırda müzakirə olunmur, gündəmdə deyil”.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım: 

“Azərbaycan Televiziyasının özündə erməni dilində veriliş yayımlanmır. Belə proqram yayımlamaq İctimai Televiziyanın funksiyasına keçib. Bizdə belə buraxılış radioda yayımlanır. Radionun beynəlxalq şöbəsi var, orada Azərbaycan xəbərləri türk, gürcü, rus, erməni və başqa dillərdə verilişlər yayımlanır”.

İTV-dən isə bildirdilər ki, onlarda belə bir proqram yoxdur:

“Bizdə erməni dilində veriliş olmayıb, indi də yoxdur. Yeni ildən telekanalın proqramları müəyyənləşdiriləndə ola bilsin ki, elə veriliş nəzərdə tutuldu. Amma dəqiq bilinmir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM