«AvtoKrAZ» ASC (Ukrayna) ilə «Azneftmaş» ASC (Azərbaycan) arasında «KrAZ” avtomobillərinin növbəti partiyasının alınmasına dair müqavilə imzalanıb. «APA-Economics»in məlumatına görə, «Azneftmaş»ın Ukraynadan əldə edəcəyi model, MDB-nin maşınqayırma zavodları arasında daha çox populyarlıq qazanmış tam ötürücü avtomobildir. Onların çarx formulu 6x6, KrAZ-6322-dir. Bu şassidə Azərbaycanın neft-qaz kompleksində istifadə üçün nəzərdə tutulmuş xüsusi avadanlıqlar quraşdırılacaq. Qeyd edək ki, «AvtoKrAZ» bu ilin iyul ayında Azərbaycana bu cür avtomobillər yollayıb. Həmin avtomobillərdə çarx formulu 8x6, yükqaldırma qabiliyyəti 30 ton olan, 400 at gücündə YAM3-6581.10 mühərriki ilə təchiz edilmiş dördoxlu KrAZ-7140H6 şassisi olub. Şassiyə 5 min metrədək dərinlikdə neft və qaz quyularının hazırkı və əsaslı təmiri üçün nəzərdə tutulan ağır qaldırıcı «Ruslan» qurğuları yerləşdirilib. Ötən il isə Azərbaycana 30 vahid müxtəlif modelli «KrAZ» avtomobilləri gətirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !