Azərbaycan “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsi”ni imzalayıb

14:25 | 11.11.2024
Azərbaycan “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsi”ni imzalayıb

Azərbaycan “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsi”ni imzalayıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan hökuməti "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsi”ni imzalayıb.

Bəyannamənin imzalanma mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksəksəviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycandan olan uşaq və gənclər iştirak ediblər.

"Bu gün biz Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edirik. Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq”, - deyə Muxtar Babayev vurğulayıb.

"Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir. Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır”, - deyə Ketrin Rassell söyləyib.

UNICEF Azərbaycan hökumətinin bu Bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayır. Belə ki, Bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.
 
İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır. UNICEF digər ölkələri də bu Bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır. Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə, uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM