Bu addım zəruri şərtlərin reallaşması səviyyəsindən asılı olaraq atılacaq
Zəruri şərtlərin reallaşması səviyyəsindən asılı olaraq üzən məzənnə rejiminin çevikliyi daha da artırılacaq.
"APA-Economics”in məlumatına görə, bu məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, pul siyasətinə dair daha adekvat qərarların qəbuluna şərait yaratmaq üçün Mərkəzi Bankda təhlil, tədqiqat və proqnozlaşdırma potensialının yüksəldilməsi istiqamətində səylər gücləndiriləcək. Bundan başqa, pul-məzənnə siyasətinin effektiv ictimai kommunikasiyası da daim diqqətdə saxlanılacaq.
2016-cı il və orta müddətli dövr üçün ölkənin pul və maliyyə sabitliyinin əsas istiqamətləri "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası ilə müəyyənləşdirilmiş strateji inkişaf prioritetləri, ötən illərdə yeridilmiş siyasətin nəticələri, makroiqtisadi proqnozlar, habelə potensial risklər nəzərə alınmaqla hazırlanaraq keçiriləcək.
2016-cı ildə və orta müddətli dövrdə də makroiqtisadi və maliyyə sabitliyinə, habelə bank sektorunun effektiv maliyyə vasitəçiliyinin inkişafına yönəldilmiş siyasətə uyğun olaraq, ölkənin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə zəruri dəstək veriləcək, monetar alət və mexanizmlərlə hökumətin inflyasiya proqnozunun reallaşması dəstəklənəcək. Prudensial bank nəzarəti ilə bank sistemində risklərin preventiv rejimdə neytrallaşdırılması təmin ediləcək. Maliyyə dərinliyinin genişləndirilməsi çərçivəsində real sektora kredit dəstəyinin artırılması təşviq olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !