Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi keçirilib.
APA-nın məlumatına görə, A. Lukaşenkonu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri A. Lukaşenkoya, Belarus nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
Əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.
Belarus prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
APA