Azərbaycan və Rusiya müdafiə sahəsində Əməkdaşlıq Planı imzaladı

01:03 | 14.10.2014
Azərbaycan və Rusiya müdafiə sahəsində Əməkdaşlıq Planı imzaladı

Azərbaycan və Rusiya müdafiə sahəsində Əməkdaşlıq Planı imzaladı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqunu qəbul edib.

APA-nın məlumata görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

Qonaqlar həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət ediblər.

 

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq ordu generalı S. Şoyqu Şərəf Kitabını imzalayıb.

 

Geniş tərkibdə keçirilən görüşdə Z. Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Azərbaycanın müdafiə naziri Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb.

 

Öz növbəsində S. Şoyqu dövlətlərimiz arasındakı əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

 

Sonra iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığın əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşün sonunda müdafiə nazirləri iki ölkə arasında 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar.

 

Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM