Azərbaycan vergidən yayınanlara qarşı tədbirləri sərtləşdirir

14:05 | 07.10.2015
Azərbaycan vergidən yayınanlara qarşı tədbirləri sərtləşdirir

Azərbaycan vergidən yayınanlara qarşı tədbirləri sərtləşdirir

Azərbaycanda vergidən yayınanlara qarşı tədbirlər daha da sərtləşdirilir.

 "Report"un "Vergilər" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə bildirib.

Z.Məmmədzadə xatırladıb ki, struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb: "Baş İdarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib".

"Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması İdarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Departamentə tabe olacaq", - deyə Z.Məmmədzadə qeyd edib.
Departament rəisi bildirib ki, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır.
Onun sözlərinə görə, vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır: "Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür".

Z.Məmmədzadə əlavə edib ki, Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq: "Bu, qabaqlayıcı addımdır. Yəni, vergi ödəyicisi ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına nail olmaqdır".

Qeyd edək ki, vergilər nazirinin 2015-ci il 15 sentyabr tarixli əmri ilə Vergilər Nazirliyi aparatının, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması, Xüsusi rejimli vergi xidməti və Bakı Vergilər departamentləri, Vergilər Nazirliyinin ərazi vergilər departamentləri və idarələri, rayon vergilər şöbə­lə­rinin strukturunda bəzi dəyişikliklər edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM