Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı keçirilib.
AVF-dən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.
Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən ayrıldığını bildirib və səsvermə ilə istefa qəbul edilib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən Şahin Bağırov ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: "Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”.
Şahin Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.
Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !