Azərbaycan Belarusun “Tetraedr” şirkətindən iki batareya T-38 “Stilet” zenit-raket kompleksi alıb.
APA-nın “Arms-Tass” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Minskdə keçirilən MİLEX-2014 müdafiə sərgisində jurnalistlərə “Tetraedr” şirkətinin şöbə müdiri İqor Novik deyib. O bildirib ki, “Stilet” ZRK artıq Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olub. Hazırda Azərbaycanın daha böyük sifarişi yerinə yetirilir.
İ. Novik Ukraynada yarınmış vəziyyətlə əlaqədar bu ölkənin “Luç” Konstruktor Bürosu ilə birgə üzərində işlər gedən "Stilet" kompleksi üçün T382 yeni idarə olunan zenit raketinin hazırlaması layihəsini dayandırdıqlarını deyib.
“Stilet” kompleksləri hava hədəflərini 20 km uzaqlıqda məhv etmə imkanına malikdir.
Qeyd edək ki, “Tetraedr” şirkəti Azərbaycan hava hücumundan müdafiə qoşunlarının S-125 “Peçora” və “Osa” zenit-raket komplekslərinin modernləşdirilməsi layihəsində iştirak edib.
“Tetraedr” şirkətinin baş direktoru Andrey Vaxovski 2011-ci ilin fevral ayında APA-ya verdiyi açıqlamada ilk dəfə Azərbaycana T-38 “Stilet” zenit-raket kompleksinin satışı ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı.
ANN.Az