Xəzər dənizi üzərindən Azərbaycana qaçmağı planlaşdıran, ancaq Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan Rusiya polis generalı Denis Suqrobovun barəsində 2 aylıq həbs qərarı verilib.
Virtualaz.org saytı xəbər verir ki, Moskvanın Basmannıy Rayon Məhkəməsində D.Suqrobovun məsələsinə baxılması saatlarla davam edib.
İstintaq generalın ölkədən qaçmağa çalışdığını iddia edərək onun həbsi barədə vəsatət qaldırıb. General bu iddianı rədd edib. Vəkillərin bütün səylərinə baxmayaraq mayın 8-də axşam məhkəmə Suqrobovun 2 aylıq həbs edilməsinə qərar verib.
Xəbər verildiyi kimi, general D.Suqrobov Rusiya DİN-in İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Hazırda o, mütəşəkkil cinayətkar qruplaşdırma formalaşdırarmaqda, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və digər əməllərdə ittiham olunur.
D.Suqrobova qarşı ittihamları FTX irəli sürüb. Rusiya mətbuatı yazır ki, əslində generalın təqib edilməsi FTX ilə DİN arasında gedən çəkişmənin nəticəsidir.
D.Suqrobov Rusiya DİN-in ən perspektivli gənc generallarından biri hesab edilirdi və korrupsiya cinayətlərinin üstünün açılmasında bir çox uğurlar əldə etmişdi.
General mayın 7-də Volqoqradda həbs olunub. FTX-nin əməliyyat məlumatlarına görə, D.Suqrobov balıq tutmaq adı altında ailəsi ilə birlikdə Volqoqrada gedib. Oradan Volqa çayı ilə Xəzərə qədər üzüb getməyə, daha sonra kater kirayələyərək Xəzər dənizi vasitəsilə Azərbaycana keçməyə hazırlaşıb.
Lakin D.Suqrobov və vəkillər bu iddiaları qəti şəkildə rədd edir. Bildirilir ki, general balıq tutmağa böyük oğlu ilə getmişdi və Moskvaya qayıdarkən yolda həbs olunub. Suqrobovu məhkəməyə üç maskalı FTX xüsusi təyinatlısı gətirib. Vəkillər generalın barəsində çıxarılmış qərardan Moskva Şəhər Məhkəməsinə şikayət verəcəklərini deyiblər.
ANN.Az