Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.
1951-ci il təvəllüdlü Azərbaycan
Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə
tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik
xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika
(stendin taxılması) əməliyyatı keçirdiyi göstərilmişdir. Pasiyentdən COVID-19
üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.
Xəstənin səhhətinin
stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə
verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər
müəyyən edilir və karantinə götürülür.
Qeyd edək ki, hazırda
Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv
koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti
ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti
stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər
davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19)
infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən
artıq test aparılmışdır.
Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə
xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini
yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif
regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə
alınır.
Bu səbəbdən vətəndaşlarımızdan
özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən
çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı
yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.
Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə
Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus
infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının
alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin
rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı
avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron
rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən
çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və
digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan
edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası
təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik
simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə
zəng etmək ciddi tövsiyə olunmuşdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !