Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.
Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib.
Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı "Report"a bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb: "Biz bu məsələdən daha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər".
Onun sözlərinə görə, körpə həkim məntəqəsində yalnız iki aylığında yoxlanışda olub: "Həmin vaxt uşaqda ciddi problem olmasa da, nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib. Valideynləri də övladlarında hansısa xəstəlik əlamətinin müşahidə edildiyi barədə heç bir məlumat verməyiblər".
Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir: "Evləri soyuq və şəraitsiz idi. Körpəyə də bu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki, valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər. Nəticədə körpə ölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindən heç bir ekspertiza keçirilməyib".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !