Müvafiq İcra Hakimiyyətinin icazəsi olmadan aksiyaların keçirilməsi qadağandır. Bəs, görəsən, qanuni aksiya keçirmək üçün vətəndaşlar hansı prosedurlardan keçməlidir?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews.az-a açıqlamasında bildirib ki, zorakılığa məruz qalma halları ilə bağlı iddialar ötən il və bu il də daxil olmaqla, bütün müraciətlər istinasız olaraq araşdırılır, heç bir müraciətə etinasız yanaşılmır.
''Zorakılığa məruz qalması iddia olunan hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və hər kəsin qanunla müəyyən olunan hüquq və vəzifələri var. Sadəcə icazəsiz, nəzərdə tutulmayan, sanksiyalaşdırılmayan aksiyalarda müəyyən neqativ hallar müşahidə olunur. Həmin hallarla bağlı araşdırmaların aparılması, yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər diqqətdə saxlanılır. Eləcə də kütləvi tədbirləri işıqlandıran jurnalistlər fərqləmə nişanlı "Press” gödəkçələrdən istifadə etmirlər. Bilinmir jurnalistdir, yaxud aksiya iştirakçısıdır.
Bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasıənda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı müəyyən olunan hüquq normasında vurğulanır ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını əvvəlcədən xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Ancaq bu maddə də vuğulanan müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə gizli, qəfləti aksiyaların keçirilməsinə cəhdlər var.
İcazə isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri daxilində olan məsələdir və müraciət əsasında onların verdiyi cavabdan asılı olaraq, aksiya təyin edilə və təxirə salına bilər. Müvafiq cavablar aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilir”, - deyə Hacıyev bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc anews.az-a açıqlamasında bildirib ki, kütləvi aksiyalın keçirilməsi ilə bağlı sərbəst toplaşmaq azadlığı haqqında qanunvericilik mövcuddur.
''İcazə alınmır, lakin məlumat verilir, mülki və siyasi hüquqlar haqqında qanunda bu qaydalar var. Hər hansı bir fərd aksiya keçiriləcəyini əvvəlcədən məlumat verməlidir. Mühüm siyasi, hərbi və s. kimi zamanlarda məsələ bir qədər də həssaslaşır, sanki sabitliyin pozulması mövqeyi tutur. Biz müşahidə edirik ki, bir sıra qüvvələr bu aksiyaların öz fərdi hüququnun təzahür forması kimi çıxış edirlər. Mən ümid edirəm ki, zamanla bu məsələlər öz həllini tapacaq. Aksiyalar insan hüquq və azadlıqlarının təzahür forması kimi qiymətləndiriləcək", - deyə o əlavə etdi.
Azərbaycan Respublikasının Konstitusiyanın 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı və dövlət qurumuna məlumat verməklə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var.
"Azərbaycanda siyasi yönümlü toplantıların qarşısı alınır. Faktiki olaraq qanunla müvafiq icra hakimiyyətlərinə nəzərdə tutulan aksiya ilə bağlı xəbərdarlıq edilməlidir. Aksiya zamanı polislər, icra hakimiyyəti orqanları təhlükəsizlik tədbirləri görməlidirlər. Ancaq praktikada bunun əksinin şahidi oluruq. Hansısa səbəbdən Azərbaycanda aksiyalara icazə verilmir. Nəticədə isə icazəli və icazəsiz aksiyalar anlayışı yaranır'', - deyə hüquqşünas əlavə edib.
İnsan hüquqları fəalı Anar Məmmədli isə anews.az-a verdiyi açıqlamsında bildirib ki, Azərbaycan Avropa Şurası ölkələri arasında sərbəst toplaşma azadlığının ən çox pozulduğu ölkələr arasındadır.
''Ölkədə yaranmış vəziyyəti aradan qaldırmaq üçün ilk növbədə qanunun özündə dəyişikliklər etmək lazımdır və qanunda açıq şəkildə manipulyasiyalara yol verilməməlidir. Qanunda açıq şəkildə göstərməlidir ki, piket və ya böyük nümayişlər necə olmalıdır, vətəndaşlar necə davranmalıdırlar, polisin, icra hakimiyyətinin vəzifəsi nədən ibarətdir və bu kimi məsələlər araşdırılmalıdır. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında aksiyanın ən çox keçirildiyi ölkələr Moldova və Ermənistanda vəziyyət daha ürəkaçandır. Orta Asiya ölkələrində isə ciddi şəkildə məhdudiyyətlər var. Azərbaycanın indiki durumunu Rusiya, Orta Asiya ölkələri Belarusla müqayisə etmək olar. Həmin ölkələrdə aksiyalara görə ciddi cərimələr tətbiq olunub'', - deyə Məmmədli söylədi.
Son dövrlərdə ölkədə, xüsusilə paytaxt Bakıda qadın zorakılıqları, sosial tələblər və Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı etiraz aksiyaları keçirilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !