Cari ilin avqust ayında Azərbaycanda əvvəlki ayla müqayisədə ərzaq məhsulları 0,3%, əhaliyə göstərilən pullu xidmətlər 0,1% ucuzlaşıb, qeyri-ərzaq malları isə 0,1% bahalaşıb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1% enib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində qarabaşaq yarması, sümüklü mal və qoyun əti, kərə yağı, şəkər, banan, alma, armud, üzüm, qarpız, yemiş, xiyar, şirin bibər, badımcan, kartofun qiymətlərində ucuzlaşma qeydə alınıb.
Uzun düyü, buğda unu, makaron məmulatları, toyuq əti, balıq məhsulları, yumurta, bitki yağları, limon, kələm, göyərti, pomidor, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, qara və yaşıl çay, spirtli içkilərin qiymətləri isə bahalaşıb.
Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçalar, inşaat materialları, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazlarının qiymətlərində bahalaşma, geyim, dərmanlar, minik avtomobilləri, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.
Qeyd edək ki, iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aylıq müqayisədə 0,7%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,2% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !