Azərbaycanda banklardan QHT-lərə ağır zərbə...

12:10 | 01.08.2014
Azərbaycanda banklardan QHT-lərə ağır zərbə...

Azərbaycanda banklardan QHT-lərə ağır zərbə...

Azərbaycanda banklar Qeyri-Hökumət Təşkilatlarına qarşı növbəti problem yaradıb. 
ANN.Az-ın xəbərinə görə, bu barədə jurnalist təşkilatı olan CASCFEN-in sədri Azər Həsrət məlumat verib. A.Həsrət bildirib ki, yaranmış problem səbəbindən rəhbərlik etdiyi qurumun “Bank Respublika”dakı hesabını bağlamağa məcbur olub.
”CASCFEN-in “Bank Respublika”dakı hesabını qapatmalı oldum. Buna səbəb bayramdan 1 gün öncə aldığım məktub oldu. Məktubda yazılırdı ki, cari hesabın aparılması üçün təşkilat banka hər ay əlavə 100 manat ödəməli olacaq. Bunu aydınlaşdırmaq üçün dünən bankda oldum, dedilər ki, avqustun 1-dən bu qayda tətbiq ediləcək və kimsəyə də güzəşt yoxdur. Yəni “Bank Respublika”ya bir QHT-nin bu qədər pulu hardan alıb ödəyəcəyini izah etməyə çətinlik çəkdim və qərara gəldim ki, ən yaxşısı hesabı qapadıb başqa bankda hesab açım. Və artıq hesab rəsmən qapandı.
Yaxın günlərdə uyğun banklardan birində yeni hesab açmağı düşünürəm. Yalnız indi də deyirlər ki, bütün banklar belə qayda tətbiq edəcək. Deyilənlərə görə, Milli Bank belə tələb edir. Əgər bu doğrudan da belədirsə, mən çıxış yolu kimi ümumiyyətlə təşkilatı ləğv etməyi düşünürəm. Çünki heç bir maliyyəsi olmayan bir QHT-nin ayda olmayan yerdən 100 manat ödəməsi imkansız bir şeydir. Onu da dedilər ki, yeni qeydiyyatdan keçmiş QHT-lər ayda 300 manat ödəməli olacaq”-deyə Azər Həsrət QHT-lərə yaradılmış problem barədə öncədən həyəcan təbili çalıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, tanınmış hüquqşünas Sahib Məmmədov da bu problemi pisləyib. Azər Həsrətin təşkilatı qapatmaqla bağlı təklifinə münasibət bildirən S.Məmmədov “mən də belə fikirdəyəm, o qiymətə bank hesabı saxlamaq imkanımız yoxdur” deyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM