Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Araşdırmalar zamanı AMİ-nin Gəncə filialında ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, filialın qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirilməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxslərinin qanunsuz əmrlər imzalamasında, habelə Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin saxta diplomlar əsasında 26 müəllimi işə qəbul etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
APA