Məhkəmə-Hüquq Şurasının (MHŞ) yenilənmiş tərkibdə ilk iclası keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, iclasda bir sıra təşkilati məsələlərə baxılıb, yeni şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunub.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov şuranın fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər haqda danışıb.
İclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından Komitə üzvləri seçiliblər.
İclasda hakimlər barəsində intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilib, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !