Azərbaycanda bu məlumatların yayılmasına QADAĞA QOYULDU

13:54 | 10.03.2017
Azərbaycanda bu məlumatların yayılmasına QADAĞA QOYULDU

Azərbaycanda bu məlumatların yayılmasına QADAĞA QOYULDU

Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. 

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilib. Dəyişiklik layihəsində qeyd olunub ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. 

Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. 

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməlidir: 

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terroçuluğa açıq çağırışlar; Zorakılığın və dini ektremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, kütləvi iğtişaşların təşkil edilməsinə açıq çağırış; Dövlət sirri təşkil edən məlumatlar; Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar; Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar; Pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; Azərbaycan qanunları ilə yayılması qadağan olunan digər informasiyalar. 

Layihədə bildirilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. 

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi, host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı"na daxil edir. Bu müddəaların pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir. Bundan başqa, "Telekommunikasiya haqqında" qanuna da dəyişiklik edilməsi təklif edilib. Layihəyə əsasən, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır. Operatorların və provayderlərin vəzifələri nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etməkdən ibarətdir. Bu müddəaların pozulmasına görə cəza nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin məqsədi telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməkdən, elektron təhlükələrin və kiberhücumların qarşısını almaqdan, bu hücumların mənbələrini müəyyən etməkdən, bu məqsədlərlə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaqdan, onların vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, fəaliyyətlərini tənzimləməkdən və telekommunikasiya sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir. 

Müzakirələrdən sonra hər iki dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti