Məsələ ilə bağlı axar.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, hazırda dünyada marixuananın leqallaşdırılması tendensiyası gedir:
"Amma bu leqallaşma daha çox istifadə və şəxsi təsərrüfatda əkilməsi ilə bağlıdır. Marixuananın əkilməsi, istifadəsi və ya satışı başqa-başqa anlayışlardır. Onun bir çox ölkələrdə sərbəst satışı ya tamamilə qadağandır, ya da lisenziya ilə mümkündür. İstifadəsinə gəldikdə isə müəyyən istehlak miqdarına qədər bu, cinayət sayılmır. Azərbaycanın özündə bir insanın üzərində 5 qrama qədər marixuana tapılsa, bunun üçün o, cinayət məsuliyyətinə cəlb olunmur. Fərqli ölkələrdə bunun qramına görə cinayət məsuliyyətinə cəlbolunma fərqlidir. Məsələn, Ukraynada 5 q, Rusiyada 6 q, Estoniyada 7.5 q, Çexiyada 15 q, İtaliyada 10 q, Kolumbiyada 22 q və s. cinayət məsuliyyəti yaratmır. Bu, istifadə üçün nəzərdə tutulan miqdardır. Bəzi ölkələrdə isə qanunvericilikdə onun əkilməsinə də icazə verilir. Məsələn, İsveçrədə 4 kol, İtaliyada 5 kola icazə verilir, Hollandiyada isə ümumiyyətlə marixuana əkilməsinə məhdudiyyət yoxdur. Avropada marixuananın ən çox istifadə edildiyi ölkə İslandiyadır, belə ki, buradakı əhalinin 19%-i marixuana çəkir”.
F.Mehdiyev qeyd edib ki, dünyada marixuananın sərbəst satıldığı ölkələr də var:
"Dünyada yalnız 4 ölkədə - Nepal, Kamboca, Peru, Kanadada marixuana sərbəst satışdadır. ABŞ-ın ştatlarının bəzilərində marixuananın istifadəsi və əkilməsi icazəlidir, bəzilərində isə sərbəstdir. Məsələn, Alyaskada 4 kola qədər əkib ondan istifadə etməyə icazə verilir. Paytaxt Vaşinqtonda isə istifadə baxımından 15 qrama qədər məhdudiyyət var, satışı isə qadağandır. Federal mülkiyyətdə marixuananın çəkilməsi yolverilməz hal hesab olunur. Bəzi ölkələrdə isə xərçəng xəstəliyindən əziyyət çəkən insanlara marixuana istifadəsi sərbəstdir. Çünki o, ağrıları müəyyən dərəcədə azaldır”.
F.Mehdiyev vurğulayıb ki, şərti istehlak miqdarı qədər bir çox ölkələrdə marixuanadan istifadə edənlər çoxdur:
"Onlar cinayət məsuliyyətinə cəlb olunmasa da, polis həmin şəxsi tutub onu necə əldə etdiyini soruşa bilir. Çünki onun satışı qadağandır və satanlar da cinayət məsuliyyətinə cəlb edilir. Həmin şəxs ağlabatan şəkildə marixuananı hardan aldığını izah etməlidir. Azərbaycanda həmin şəxs desə ki, kolunu əkmişəm, o zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki marixuananın kolu 5 qramdan çox olur”.
F.Mehdiyevin sözlərinə görə, presedent yaranıbsa, gec-tez bunun Azərbaycanda da tətbiqi mümkündür:
"Ancaq insanlar bütün növ narkotiklərdən də, siqaretdən də uzaq olmalıdırlar. Könüllü intiharı qadağan edən qanun yoxdursa, bu o demək deyil ki, insan özünü məhv etməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !