“Nəfəs LGBT Azərbaycan Alyansı” Azərbaycan Respublikasının Daxili işlər naziri Ramil Usubova müraciət edib.Oxu.Az təşkilatın məlumatına istinadən xəbər verir ki, müraciətdə Azərbaycanda cinsi azlıqların müdafiəsi qənaətbəxş olmadığı və bunun ciddi fəsadlarının artmaqda olduğu qeyd edilir.“Belə ki, son 10 gündə 2 nifrət cinayəti baş verib. Bunlardan biri ölümlə nəticələnib. Adını qeyd edə bilməyəcəyimiz 19 yaşlı gənc uzun zamandır ailəsinin və ətrafındakı insanların onu diskriminasiya etməsi və başqa insan tərəfindən şantaj edilməsinə dözməyərək özünü öldürüb. Nifrət cinayətinin qurbanı olmuş digər gəncin isə 18 yaşı var. O qardaşının dostu tərəfindən aldadılaraq görüşə çağırılıb və 8 nəfər tərəfindən zorakılığa məruz qalıb. Həmin şəxslər hadisəni video lentə çəkərək valideynlərinə deməyəcəkləri müqabilində pul istəməklə şantaj ediblər. Nəticədə həmin gənc istənilən məbləği verə bilmədiyi üçün cinayəti törətmiş şəxslər dolayısı yolla valideynlərinə onun gay olduğunu bildiriblər. Hal – hazırda valideynləri tərəfindən döyülən gəncdən heç bir xəbər yoxdur”.Təşkilat bildirib ki, 2013 – cü ilin dekabr ayında Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid (Atilla) Nəbiyev dəfələrlə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, təhlükəsizliyinin təmin edilməsi və təhdid edənlər barədə araşdırma aparılmasını xahiş etsə də, hüquq-mühafizə orqanları edilən müraciəti araşdırmır: “Edilən təhdidlər isə getdikcə artır. Hüquq Mühafizə orqanlarının, xüsusilə risk qrupuna daxil olan cinsi azlıqlara laqeyd yanaşması səbəbkarların cəzası qalması və hədə-qorxuların daha da şiddətli hal almasına, nifrət cinayətlərinin artmasına, nəticədə hüquq-mühafizə orqanlarına etibarın azalmasına gətirib çıxarır.Yaranmış vəziyyəti “Nəfəs” LGBT Azərbaycan Alyansı olaraq pisləyirik. İnsanların cinsi ayrı-seçkiliyə məruz qalması və şəxsi həyatına görə təqib edilməsi, hədə – qorxu gəlinməsi yolverilməzdir. Bu səbəbdən, Sizə müraciət edirik ki, yaranmış vəziyyətin araşdırılması, xuliqanlıqla məşğul olan qrupların müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi, hüquq-mühafizə orqanlarının qanunda nəzərdə tutulmuş formada bizimlə əməkdaşlıq etmələri üçün göstəriş verəsiniz”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !