Azərbaycanda çörəyin qiyməti ucuzlaşıb - Dövlət Xidməti

11:41 | 14.03.2023
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında aparılan monitorinqlərin nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub.

"Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat – 37,2 manat olub. Qeyd etmək lazımdır ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edirdi.

Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.

Cari ilin fevralinda ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır”.

Mart ayının 10-da  Azərbaycana idxal olunan buğdanın, həmçinin unun topdansatış qiymətinin ucuzlaşmasına baxmayaraq çörəyin qiymətində dəyişiklik olmaması ilə bağlı xəbər dərc olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb