Azərbaycanda dərs ilinin müddəti 2-3 həftə artırıla bilər

17:01 | 12.12.2013
Azərbaycanda dərs ilinin müddəti 2-3 həftə artırıla bilər

Azərbaycanda dərs ilinin müddəti 2-3 həftə artırıla bilər

Azərbaycanda növbəti tədris ilindən illik dərs müddətinin 2-3 həftə artırılması nəzərdə tutulur. Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev APA-ya açıqlamasında bildirib ki, tədris müddətinin uzadılması şagirdlərə müəyyən mövzuları daha yaxşı mənimsəməyə, öyrədilməsi vacib olan materialın hər həftəyə düşən həcmi baxımından daha da asanlaşdırılmasına, azaldılmasına gətirib çıxaracaq: “Ümumilikdə, tədris həftəsi müddətinin uzun olması ilə ölkənin inkişafı, həm də beynəlxalq qiymətləndirmədə göstərdiyi nəticələr arasında ciddi əlaqəlilik mövcuddur. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində, tam dəqiqliyi ilə desək, İqtisadi Əməkdaşlıq və  İnkişaf  Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi, təxminən 38 həftədir. Azərbaycanda isə bu, hazırda 32 həftədir. Nəzərə alsaq ki, il ərzində kifayət qədər bayramlar, tətillər var,  o zaman tədris ili müddətinin təxminən 142-143 gün olması məlum olur. Yəni, bizim şagirdlər 365 gündən 142-143 gününü məktəbdə keçirirlər ki, bu da ilin yarısından da azdır. Təbii ki, bu mənada dünya standartlarına, dünyanın orta göstəricilərinə yaxınlaşmaq həm ölkə, həm valideynlər, həm də şagirdlər səviyyəsində yüksək nəticələrin əldə olunmasına gətirib çıxara bilər”. Nazirlik rəsmisi qeyd edib ki, bu gün yuxarı siniflərdə təhsil alan şagirdlərin yüklənməsi müşahidə olunur. Onun sözlərinə görə, yuxarı siniflər şagirdlərin həm ali təhsil müəssisələrinə hazırlıq, həm də peşə seçimi baxımından kifayət qədər məşğul olduğu bir dövrdür: “Bütün bunlarla yanaşı, dərs yükünün də çox olması, çox sayda fənnin tədrisi, düşünmürük ki,  şagirdlərin daha da yaxşı öyrənməsinə və daha yaxşı vətəndaş, daha keyfiyyətli əmək qüvvəsi kimi yetişməsinə səbəb olur. Əksinə, ixtisaslaşmanın müəyyən məsələ və mövzularının dərindən öyrənilməsində, ümumiyyətlə, təhsilə olan həvəsin formalaşmasında çox ciddi rolu var”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM