Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2134-ü əkiz, 42-si üçəmdir.
Son vaxtlar əkiz və üçəmlərin sayının artması diqqət çəkir. Bu nə ilə əlaqədardır?
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova AzVision.az-a bildirib ki, Azərbaycanda üçəmlərin sayının artması əksər hallarda süni mayalanma ilə əlaqədardır.
Onun sözlərinə görə, süni mayalanma prosesi hazırda ölkəmizdə özəl klinikalarda həyata keçirilir və bunun üçün pul ödəyirlər.
"Fikirləşirlər ki, qadın pul verib hamilə qalırsa, heç olmasa 2-3 embrion olmalıdır. Süni mayalanma sahəsində olan bütün beynəlxalq təcrübədə yumurtaların sayından asılı olmayaraq sonsuz qadının uşaqlığına 1 embrionun yerləşdirilməsi tövsiyə edilir. Əgər yerləşdirilən 1 embrionun inkişafı nəticəsində bir yumurtadan 2-3 və daha çox döl əmələ gəlibsə, beynəlxalq aləm 3 və daha çox olan əkizlərin reduksiya edilməsini təklif edir. Çünki doğmayan uşaqlıq birdən-birə 3-4 hamiləliyi başa çatdıra bilməz. Bir döl olmalıdır ki, qadın onu başa çatdıra bilsin”.
Komissiya sədri qeyd edib ki, dölün sayı çox olarsa, hamiləliyin müddəti qısalır: "Belə hamiləlik 22-24 həftədən çox çəkmir. Doğulmuş uşaqların sağ qalma ehtimalı da çox aşağı olur. Əgər hamilə qadın həkiminə vaxtında düzgün izah edib və süni mayalanma ilə hamilə olduğunu bildirsə, həkim onu vaxtında korreksiya edəndə hamiləlik 28, 32, 34 həfətəyə qədər çata bilər. Nəticədə kiloluq və kiloyarımlıq uşaqlar olanda onları saxlayıb yaşatmaq imkanı olur".
S. Məmmədova bildirib ki, süni mayalanma ilə 2 və daha artıq embrion yerləşdirilən hamiləliklərin çoxu uğursuz olur: "3 il və artıq dövrdə ailədə uşaq olmadıqda süni mayalanmaya getmək tövsiyyə olunur. Azərbaycanda sonsuzluq göstəriciləri MDB ölkələrindəki kimidir, nə artıb, nə də azalıb. Avropa ölkələrdə sonsuzluq problemi daha tez aşkar olunur və orada bu problem aktualdır. Bizim gənclərimiz vaxtında ailə qurur və valideyn olurlar. Bizdə sonsuzluq propblemi bir o qədər aktual deyil".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !