Maraqlıdır, Azərbaycanda ölüm halları ilə nəticələnən xəstəliklər hansılardır?
Ürək, hipertoniya, onkoloji xəstəliklər...
anews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlamasında ölümə səbəb olan xəstəliklər haqqında danışıb.
Deputatın sözlərinə görə, son illər Azərbaycanda bəzi xəstəliklər cavanlaşıb: "Adətən, ən çox ürək xəstəlikləri, hipertoniya, yəni qan təzyiqinin artımı, onkoloji xəstəliklər ölüm hallarına səbəb olan xəstəliklərdir.
Onkoloji xəstəliklərindən ölüm hallarının yarana bilmə ehtimalı çoxdur. Statistik məlumatlara görə kordioloji xəstəliklər - ürək çatışmazlığı, insult kimi hallar artıq onkoloji xəstəlikləri də üstələyir. Qeyd etdiyim xəstəliklər artıq cavanlaşıb. Belə ki, gənclərdə, orta yaşlı insanlarda həmin xəstəlikləri müşahidə etmək mümkündür. Əvvəllər bu cür xəstəliklər 50 yaşdan yuxarı insanlar üçün xarakterik idisə, indi belə deyil”.
Xəstəliklərin 90 faizindən çoxu irsi xarakter daşıyır
Deputat xəstəliklərin cavanlaşma səbəbindən də söz açıb: "Xəstəliklərin artması, ölüm hallarına səbəb olması, o cümlədən xəstəliklərin cavanlaşmasının müxtəlif səbəbləri var. İlk növbədə xəstəliyin genetikasını vurğulamaq istəyirəm.
Yəni bütün xəstəliklərin, demək olar ki, 90 faizindən çoxu irsi xarakter daşıyır. Əgər nəsildə hər hansı xəstəlik varsa, bu, ilk nümayəndələrdə aşkar olunmasa da, sonrakı nəsillərdə özünü göstərə bilər. O cümlədən ən önəmli səbəblərindən biri ekoloji faktorlardır. Ekologiyanın çirklənməsi, insanların fiziki əməklə məşğul olmaması əsas səbəblərdən biridir.
Nə üçün əvvəlki insanlar daha uzunömürlü olurdu? Çünki dədə-babalarımız təmiz havada olub və yaxşı qidalanıblar. Digər tərəfdən, fiziki əməklə məşğul olublar. Lakin hazırda cavanlardan tutmuş yaşlılara kimi hər kəs dayaq-hərəkət sistemində olan problemlərdən şikayətlənirlər. Qol ağrısı, qrija, onurğadakı problemlər, ayaqlarda ağrı və.s. kimi hallarla qarşılaşırıq. Bu, az hərəkətliliklə əlaqədardır və təbii ki, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”.
Mənfi xəbərlər insan beyninə pis təsir edir
K.Əliyeva qeyd edib ki, stress də ölüm hallarına səbəb olan amillərdən biridir: "Bu gün hamı oturaq həyat tərzi keçirir. Bu da ölüm faizinin artma səbəblərindən biridir. Hazırda mağazalarda bilavasitə insan ömrünü qısaldan ərzaqlar satılır. Süni qidalar insan orqanizmində xəstəliklərin yaranmasına gətirib çıxarır.
Sinir sistemi pozğunluqları da insan ölümünün cavanlaşmasına səbəb olur.
Bilirsiniz ki, bu dəqiqə hər şey stressdir. Məsələn, televiziyada və ya saytlarda verilən mənfi xarakterli xəbərlər birbaşa insan səhhətinə təsir edir. Siz elə bilirsiniz ki, bunlar insan beyninə, orqanizminə təsir etmir? Biz bunu hiss etməyə bilərik. Amma bu cür xəbərlər insan beyninə pis təsir edir və sinir hüceyrələrinin məhvinə gətirib çıxarır. Nəticə olaraq insan ömrü qısalır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !