Bakıda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Gənclər Fondunun dəstəyi ilə “Alim Gənc” layihəsi keçirilib.
ANN.Az xəbər verir ki, layihənin əsas məqsədi gənc alimlərin tanıdılması, onların fəaliyyət və təşəbbüslərinin dəstəklənməsi, gənclərin maarifləndirilməsi, müxtəlif ixtisas üzrə təhsil alan tələbələrə lazımlı biliklərin verilməsidir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri Rəhim Hüseynov çıxış edərək dövlət tərəfindən gənc alimlərə verilən dəstəkdən danışaraq, son dövrdə AMEA-nın tərkibində fəaliyyət göstərən institutlarda gənc alimlər üçün yaradılmış şuralardan söz açıb.
Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov AMEA-nın rəhbərliyinə təşəkkür edərək son zamanlar ATGTİ və AMEA arasında geniş əlaqələrin yaradılmasının təqdirə layiq olduğunu bildirib.
Ş.İsmayilov ATGTİ-nin ölkənin ən böyük tələbə təşkilatı olduğundan, gənc alimlərin və tələbələrin təhsilinə yönəlmiş layihələrin ATGTİ üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov çıxış edərək layihənin təşəbbüskarlarına təşəkkür edib.
Sonda gənc alimlərin çıxışları dinlənilib. Tədbirdə çıxış edən gənc alimlər təşəkkürnamə və mükafatlar ilə təltif olunublar.
ANN.Az