Bu gün Azərbaycanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Mİ-8 MTV1 helikopterləri hərraca çıxarılacaq.
ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, hərraca çıxarılacaq hava gəmisindən ikisi 1993-cü ildə, biri isə 1991-ci ildə istehsal edilib. Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Komitədən bildirilib ki, helikopterləri almaq istəyənlər ilk öncə beh ödəməlidirlər. 1993-cü ildə istehsal olunan helikopterlərə müvafiq olaraq 13 min 427 və 13 min 432 manat, 1991-ci ildə istehsal olunan helikopterə isə 13 min 2 manat məbləğində beh verilməlidir.
Helikopterlərin qiymətinə gəlincə, 1993-cü ildə istehsal olunan helikopterlərdən biri 134 min 27, digəri 134 min 323 manatdır. Buraxılış ili 1991-ci il olan helikopter isə 130 min 23 manata satılır.
Bəs, görəsən bu helikopterləri almaq üçün beh verən varmı? Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da telefon zənglərimizə cavab verən tapılmadı.
Digər məlumata görə, satışa çıxarılacaq helikopterləri almaq üçün müştəri tapılıb. Adları açıqlanmasa da helikopterlərin almaq üçün bir neçə imkanlı şəxsin müraciət etdiyi bildirilir.
ANN.Az