"Microsoft Azərbaycan” və "Nar” operatorunun dəstəklədiyi layihə innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayacaq
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi ilə, "Microsoft Azerbaijan” və "Nar” rabitə operatoru tərəfindən Azərbaycanda ilk dəfə keçirilən "Imagine Cup” innovasiya müsabiqəsinin Milli Final mərhələsinin qalibləri müəyyənləşib.
Milli seçim turu və onlayn yarımfinalı uğurla keçən 20 komanda milli finala vəsiqə qazandı. Ümumdünya finalında olduğu kimi milli finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: "İnnovasiya”, "Oyunlar” və "Dünya vətəndaşlığı”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Belə ki, milli finalda "İnnovasiyalar” nominasiyası üzrə "NoObs” komandası, "Oyunlar” nominasiyası üzrə "IDEAlists” komandası, "Dünya vətəndaşlığı” nominasiyası üzrə isə "Mar-Tech” komandası qalib gəldi. Sözügedən komandalar artıq onlayn yarımfinala qatılaraq, layihə sənədlərini beynəlxalq münsiflərə təqdim ediblər. Ümumdünya finalında iştirak edəcək komandaların adları iyunun 1-də elan olunacaq. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaratmaq idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !