Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri tərəfindən yeni bir uğurlu əməliyyata imza atılıb.MNX-nın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi APA-ya açıqlamasında deyib ki, xroniki böyrək çatışmazlığından uzun müddətdir əziyyət çəkən Gəncə sakini 6 yaşlı (19 kiloqram) Cavid Axundova babasından böyrək transplantasiyası əməliyyatı uğurla icra olunub. Onun sözlərinə görə, Cavid Axundov respublikada böyrək köçürülən ən kiçik xəstədir: “Xəstəyə onlar üçün işgəncə olan dializ proqramına girmədən böyrək köçürülüb. Əməliyyatın xüsusiyyəti də ondan ibarət idi ki, köçürülən böyrək qarın boşluğuna yerləşdirilib. Xəstə 5-ci gün sağalma ilə evə yazılıb. Eyni zamanda, bu bizim dializə girmədən əməliyyat olunan 31-ci xəstəmizdir”. Nefroloq, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov bildirib ki, hazırda xəstənin nəticələri qənaətbəxşdir, böyrək funksiyaları normaldır. Cavid həmyaşıdları ilə oynaya və məktəbə də gedə bilər. Donor əməliyyatını icra edən cərrah-doktor Eldar Əhmədov donor əməliyyatının müasir laparoskopik, yəni bağlı üsulla icra edildiyini qeyd edərək donorun da sağalma ilə normal vəziyyətdə evə yazıldığını söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !