Azərbaycanda ilkə imza atan şəxsdən növbəti yenilik – FOTO

17:40 | 13.04.2017
Azərbaycanda ilkə imza atan şəxsdən növbəti yenilik – FOTO

Azərbaycanda ilkə imza atan şəxsdən növbəti yenilik – FOTO

İrlandiya əsilli məşhur ingilis filosofu və yazıçısı Oskar Uayld deyib: "Gözəl bağlanmış qalstuk həyatda atılmış ilk ciddi addımdır”.

Uzun və mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyondan çox insan istifadə edir. Qalstukları 1618-1648-ci illərdə baş vermiş məşhur 30 illik müharibənin yadigarı da saymaq olar.

"Qalstuk” sözü "kroat”dan əmələ gəlib. 1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgər zəfərin qəhrəmanı olaraq Parisə aparılaraq kralın hüzuruna çıxarılıb. Bu əsgərlərin boğazlarına xanımları tərəfindən rəngli dəsmallar bağlanmışdı (əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar). Kral bunu çox bəyənib və krallıq qalstukları taxan bir ordu qurub.

Çox keçmir ki, bu dəb İngiltərəyə də yayılır. 1960-cı illərdə qalstuklar öz aktuallığını itirsə də, 1970-ci illərdə yenidən populyarlıq qazanır.

Azərbaycanda da qalstukdan istifadə edənlərin sayı az deyil. Maraqlı naxışlarla bəzədilmiş qalstuklar hədiyyə etmək üçün əvəzolunmaz aksessuarlardandır. 

Bu mənada "La Cravatte Italiana” şirkətinin yaradıcısı və icraçı direktoru, qalstuk və kişi aksessuarları sahəsində ixtisaslaşan məşhur italyan brendi "Andrew’s Ties” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Yavər Məmmədovun qalstuklarla bağlı həyata keçirdiyi layihə danılmazdır.

O, qalstuklarla bağlı indiyədək satışa 6 kolleksiya təqdim edib (bir əlavə kolleksiya da var ki, satış üçün nəzərdə tutulmayıb və bu müsahibədə onun haqqında məlumat əldə edə biləcəksiniz): "Xalça”, "Kilim”, "Qarabağ”, "Xarıbülbül”, "Qobustan” və "Nar”.

Yavər bəyin hazırda yeni kolleksiya üzərində çalışdığı, üç gün əvvəl isə həmin layihəni bitirdiyi və mayın əvvəlində sözügedən kolleksiyanı təqdim edəcəyi barədə məlumat əldə etdik.

Bu məqsədlə onunla görüşməyə və bu haqda ətraflı məlumat toplamağa qərar verdik.

Yavər Məmmədovun Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Qalstukların üzərində milli ornamentlərin təsvir olunması ideyası necə yarandı?

- Qalstukların üzərində olan standart naxışların əvəzinə, hansı formada naxışları təsvir etmək olar ki, bu, daha maraqlı və diqqətçəkən olsun? Bu sual məni həmişə düşündürüb.

Fikirləşdim ki, milli ornamentlərlə bəzədilmiş qalstuklar cəlbedici görünə bilər. İlk olaraq Qarabağ xalçaları ilə bağlı layihə etdik, uğurlu alındı. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul olundu.

Daha sonra bu istiqamətdə yeni işlər görməyə başladım. Qarabağı simvolizə edən digər elementlərdən ibarət qalstukları ərsəyə gətirdik. "Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarıbülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. Bu qalstukun quyruq hissəsində Qarabağ xalçalarının ornamentləri yerləşdirilib.

Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarıbülbül gülünə isə ayrıca qalstuk həsr edilib. Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində "Qarabağ, Azərbaycan” sözləri yazılıb.

Eyni zamanda, "Sənəm” adlı (Yavər Məmmədovun qızının adıdır) yaylıq kolleksiyasını təqdim etdik. Yaylıqların üzərində Xarıbülbül gülünün yeddi müxtəlif prizmadan illüstrasiyası əks edilib.

Qeyd edim ki, qalstukların qutusunun içərisində gözəl tərtibatda hazırlanmış informasiya kitabçası var, hansı ki, orada Qarabağ həqiqətləri ilə bağlı məlumatlar, torpaqlarımızın işğal tarixləri, BMT qətnamələri öz əksini tapıb.

Qərara gəldik ki, bu işi davam etdirək və növbəti layihə Qobustan qayaüstü təsvirləri ilə bağlı oldu. Bu da özünəməxsus formada insanların rəğbətini qazandı.

"Qobustan” layihəsindən sonra "Azərbaycan narı” adlı qalstuk kolleksiyası hazırladıq. Çünki nar ölkəmizin maddi-mədəni simvoludur, onun genetikası ilə əlaqədar müəyyən işlər gedir və ermənilər nara da iddialıdırlar.

Həmin qalstukun ensiz hissəsindən enli hissəsinə doğru narın tumurcuqlanması, çiçəkləməsi, meyvənin əmələ gəlməsi təsvir olunub.

- Qalstuklar və yaylıqlar hansı materialdan hazırlanır və harada istehsal olunur?

- İtaliyada istehsal olunur, yüksək keyfiyyətli ipəkdən hazırlanır.







- Gələcəkdə hansı kolleksiyaları təqdim etmək planınız var?

- İki gün əvvəl XIX əsr Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvana həsr olunmuş yaylıq kolleksiyasını hazırlayıb başa çatdırdıq. Kolleksiyanın adı "Banu”dur. Yaylığın mərkəz hissəsində X.Natəvanın təsviri, onun arxasında Qarabağ xalçasının, ətrafında Qarabağla bağlı səkkiz səhnənin (Xurşidbanu Natəvanla fransız yazçısı Aleksandr Dümanın görüşü, Şuşaya qaydış, muğam, rus generalı ilə Qarabağ xanının müqaviləsi, cıdır, çövkən oyunu, Novruz bayramı), 4 medalyon (medalyonlarda Qarabağı simvolizə edən təsvirlər yer alıb) və mərkəzdən kənara doğru dörd tərəfdə işğal olunan torpaqların adları əks olunub. Yaylıq qırmızı rəngdə hazırlanıb.

(Yaylıq üzərində həkk olunan X.Natəvanın obrazını Y.Məmmədovun qızı Sənəm Məmmədzadə canlandırıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin ikinci kursunda təhsil alır).

- Qalstuklar və xanımlar üçün hazırlanan yaylıqlar alcılara hansı qiymətə təklif olunur?

- Biz qalstukları müştərilərə Azərbaycanda satılan İtaliya istehsallı qasltuklardan iki dəfə aşağı qiymətə təklif edirik. Hansı ki, həmin qalstuklar 150-180 manatdan yuxarı satılır, bizdə isə alıcılara 85 manata təklif olunur. Eksklüziv qalstuklarımızın qiyməti 150 manatdır. Yaylıqların qiyməti isə 150-200 manat təşkil edir.

-İndiyədək ən maraqlı müştəriniz kim olub?

- Bir dəfə bir müştəri butikimizə daxil olaraq "Sizdə dövlət qulluğuna qalstuk var?” deyərək müraciət etdi. Yəqin ki, o, dövlət qulluğuna yenicə işə qəbul olunmuş və iş yerinə uyğun qalstuk axtarırdı (gülümsəyir). Həmin şəxslər adətən  tünd göy, qara yaxud boz rəngdə qalstuklardan istifadə edirlər.



 -Satış üçün deyil, yalnız hədiyyə etmək üçün ərsəyə gətirdiyiniz kolleksiyalarınız varmı?

-Bəli. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunan qalstuk kolleksiyası hazırlamışıq. Xüsusi modifikasiya olunmuş mavi rəngdə və qızıl saplarla prezidentin imzasının təsviri həkk olunan olan sadə kolleksiyadır. Kolleksiya 2015-ci ildə ərsəyə gətirilib. Astar hissədə əzəmət rəmzi olaraq qızılı rəngdə palıd yarpaqlarının təsviri həkk olunub. Qalstukun uc hissəsindən yuxarıya doğru 35 sm məsafədə prezidentin imzasının təsviri yerləşdirilib. Qalstuku boyuna bağladıqda həmin hissə ürəyin üstünə düşür. Bu, satış üçün nəzərdə tutulmayıb, yalnız hədiyyə olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM