Azərbaycanda internat evləri ləğv oluna bilər

17:36 | 13.06.2015
Azərbaycanda internat evləri ləğv oluna bilər

Azərbaycanda internat evləri ləğv oluna bilər

Ekspert: "De-institusionalizasiya prosesi uşaqların ailə qayğıları ilə təminatına pozitiv təsir göstərəcək"

Təhsil Nazirliyi tərəfindən uşaq müəssisələrinin yenilənməsi haqqında baş plan hazırlanıb. Bu plana uyğun olaraq 12 internat məktəbi peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv olunub. Təbii ki, bu addım birmənalı qarşılanmasa da, ekspertlər tərəfindən təqdirəlayiq hal hesab olunub. Onların fikrincə, internat məktəblərinin ləğv olunması de-institusionalizasiya proqramı ilə nəzərdə tutulan prosedurdur.

Təhsil üzrə ekspert Etibar Əliyev deyib ki, 2006-cı ildə ölkə prezidenti tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın qəbuluna baxmayaq, son iki ilə qədər ciddi iş görülməmişdi. Bu sənədin əsas məqsədi müxtəlif dövlət uşaq müəssisələrində yaşayan uşaqların bioloji himayədar ailələrə qovuşması, de-institusionalizasiya prosesinin dəstəkləmək üçün alternativ qayğı sistemlərinin yaradılması, habelə uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi ilə onların ailə hüququndan lüzumsuz şəkildə məhrum edilməsinin qarşısının alınmasına xidmət edir.

Təhsil naziri Mikayıl Cabbarovun bir müddət əvvəl mətbuata açıqladığı kimi, internat məktəblərinin ləğv olunması de-institusionalizasiya proqramı ilə nəzərdə tutulan prosedurdur və proses mexaniki şəkildə həyata keçirilmir. Bu proqramın məqsədi var. Bundan əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə də bu prosesin surəti resurslardan asılıdır. Proses davam etdiriləcək. İnternat məktəblərinin peşə məktəblərinə, ümumtəhsil məktəblərinə çevrilməsi prosesi davam etdiriləcək. Bununla da internat məktəblərinin sayı azaldılacaq, eyni zamanda orada təhsil alan uşaqlara göstərilən xidmətin keyfiyyəsi yüksəldiləcək.

Təhsil Nazirliyindən bildirilib ki, hazırda minlərlə uşaq ümümtəhsil müəssisələrində təhsil almaq imkanlarına malik deyil. Sentyabrda 2 ümumtəhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanacaq. Bu prosesin də iki başlıca məqsədi var. Onlardan biri sosialaşdırmadır. Onlar yaşıdları ilə bir məkanda, bir məktəbdə təhsil ala biləcəklər. Həmin şagirdlər belə məktəblərdə təhsil alaraq cəmiyyətin tam hüquqlu üzvləri kimi cəmiyyətə inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ayrıca siniflər açılmayacaq, söhbət onların bir yerdə təhsil almasından gedir. Təbii olaraq, məktəb buna hazırlanmalıdır. Maddi-texniki bazası, təlim proqramı hazırlanmalıdır. Burada valideynlərin də arzuları nəzərə alınacaq.

Ekspertin sözlərinə görə, internat məktəbləri sovet dövründən qalma təhsil və tərbiyə müəssisəsidir. Aparılan müşahidələrə əsasən, çox vaxt bu məktəblərdə korrupsiya hallarına yol verilirdi. Uşaqlara verilən qida məhsullarının təşkilində, yaşayışında, ən əsası isə uşaq sayının şişirdilməsi ilə bağlı böyük korrupsiya faktı var idi. Hələ 2004-cü ildə aparılan monitorinq zamanı 10 mindən çox əlavə uşaq siyahısı aşkar olunmuşdu və dövlət hər uşağa ildə min manatdan çox vəsait ayırılırdı. Bu, böyük vəsait edirdi.

Onun fikrincə, indiki dövrdə internat məktəblərinin sayının azaldılması, De-institusionalizasiya prosesi və uşaqların ailələr bioloji qovuşmasına nail olmaq mühüm məsələdir. Təhsil nazirinin bu addımı bu prosesə başlamaq haqqında inkişafa xidmət edən fikirləri var. De-institusionalizasiya prosesi çox sürətlə həyata keçirilə bilərdi. Ancaq bu mental məsələ olduğu üçün zəif gedir. Ona görə, görünür, təhsil naziri doğru yol seçib. Proses müəyyən mərhələlərlə getməlidir və bunun üçün maliyyə vəsaiti tələb olunur. Maliyyə ayrımaları hesabına bu prosesi yavaş-yavaş, ağrısız ötüşdürmək mümkündür. 

E.Əliyev deyib: "Bunu müsbət addım hesab edirəm. Uşaqlar internat məktəblərində gün ərzində yaşamaları ailə qayğısından məhrum olma ilə nəticələnirdi. De-institusionalizasiya prosesi, şübhəsiz ki, uşaqların ailə qayğıları ilə təmin olunmasına pozitiv təsir göstərəcək."

Ümumiyyətlə, internat məktəblərinin peşə məktəblərinə çevrilməsi təqdirəlayiq haldır və çox mühümdür. Çünki, belə olduqda onlar ən azından hansısa peşəyə yiyələnəcəklər və bu, gələcəkdə onların həyatda normal yaşaması, cəmiyyətdə yer tutması üçün əsas yaradacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM