Azərbaycanda "ipoteka inqilabı" gözlənilir - RƏY

19:00 | 31.10.2015
Azərbaycanda

Azərbaycanda "ipoteka inqilabı" gözlənilir - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus olan "İpoteka Fondu" ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Nazirlər Kabinetinə 1 ay müddətinə fərmanda nəzərdə tutulan tədbirlərlə bağlı təkliflər hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Mərkəzi Bank, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan hökuməti bundan əvvəl ipoteka faizlərinin azaldılması da daxil olmaqla şərtlərin asanlaşdırılacağını və ipoteka vəsaitlərinin artırılacağını vəd edib.

Natiq Cəfərli yeniliyin hələ məlum olmadığını deyir 

İqtisadçı ekspert Natiq Cəfərli bizimyol.info-ya açıqlamasında bildirib ki, ilkin verilmiş qanunvericilik aktında ipoteka səhmdar cəmiyyətinin yaradılmasında gələcəkdə nələrin olacağı ilə bağlı ipucları yoxdur: "Sadəcə fərmanda göstərilir ki, fərmanın icrasından irəli gələn bəzi məsələləri Nazirlər Kabineti və müvafiq qurumlar qısa müddət ərzində hazırlayıb, Prezidentə təqdim etməlidir. Bəlkə o zaman, yəni təkliflərin hazırlandığı zamanda nəsə yeniliklər oldu. Ancaq hələlik dəyişən idarəetmə formasıdır. İpoteka Fondunun idarəetmə quruluşu və forması dəyişdirilir. Bunun da əsas səbəbi odur ki, Fond son illərdə qarşıya qoyulan məqsədlərə çata bilmədi. Çünki qurum yaradılarkən belə bir fikir var idi və bəzi qərarlarda da təsbit olunmuşdu ki, təqribən 2012-ci ildən sonra fond özünü maliyyələşdirməyə keçməli idi. Əvvəl verdikləri kreditlərin geri dönüşünün hesabına özü-özünü maliyyələşdirərək, kredit portfelini genişləndirməli idi. Ancaq bu baş vermədi. Hər il dövlət büdcəsindən ortalama 50 milyon manat olmaqla İpoteka Fonduna yeni transfertlər nəzərdə tutulurdu. Bu 2013-cü, 2014-cü ildə də belə oldu. Bu il isə Prezidentin fərmanı ilə ipoteka üçün daha çox məbləğ - 200 milyon manat ayrıldı. Bu məbləğin idarə edilməsinin optimallaşdırılması və kreditlərin geni dönüşünün daha yaxşı təmin edilməsi üçün idarəetmə forması dəyişdirilib".

N.Cəfərlinin sözlərinə görə, idarəetmə formasının dəyişdirilməsinin pozitiv addımlara gətirib çıxaracağını bundan sonra alınmış addımlar göstərəcək: "Əslində ipoteka ilə bağlı problem tək idarəetmənin qeyri-effektivliyi deyildi. Həm də faizlərin, ipotekaya əlçatımlılığın yüksək olması, az gəlirli ailələrin ipoteka alma şansının olmaması və bu kimi problemlər var ki, idarəetmə formasının dəyişdirilməsi ilə bu sahədə ciddi dəyişikliklərə nail olmaq mümkün deyil".

Ramil Osmanlı: "Fərman ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər"

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mətbuata bu baradə şərhində deyib ki, dövlət başçısının fərmanı ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər.

R.Osmanlı qeyd edib ki, mahiyyətindən göründüyü kimi, fərman "sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə" cümləsi ilə başlayır. Bu məsələyə müxtəlif kontekstdən yanaşmaq olar: "Birincisi, nəhayət ki, uzun illər ipoteka proqramı ətrafında aparılan müzakirələr müsbət sonluqla bitmək üzrədir. Belə ki, nəhayət ipoteka proqramına birbaşa dövlət başçısının müdaxiləsi ciddi nəticələrlə müşahidə oluna bilər. Buraya kreditin məbləğinin artırılması, faizlərin azaldılması, ilkin ödəniş və əməkhaqqı ilə bağlı tələblərin sadələşdirilməsi və bu kimi digər məsələlər aiddir. İkincisi, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər".

Bundan başqa, ekspertin fikrincə, idarəetmə və qərarların qəbulu baxımından kollegial idaretmə sisteminə keçid həm operativliyi artıracaq, həm də şəffaflığın təmin olunmasına təkan verəcək.

Musa Quliyev: "Bu, ipoteka kreditləşməsinin genişlənməsinə gətirib çıxaracaq"

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Trendə açıqlamasında bildirib ki, Prezidentin məlum fərmanı ölkədə tikinti sektorunun canlanmasına səbəb olacaq.

Onun sözlərinə görə, ipoteka sahəsi yenidən qurulacaq, modernləşəcək və genişlənəcək. M.Quliyev bunu belə izah edir: "Çünki Prezidentin sözügedən fərmanı Açıq Səhmdar Cəmiyyətinə bütün imkanlardan istifadə etməklə müəyyən maliyyə mənbələrindən aşağı faizlərlə vəsaitlər cəlb etmək üçün geniş imkanlar verir. Birinci növbədə, bu, ipoteka kreditləşməsinin genişlənməsinə gətirib çıxaracaq".

Daha çox vəsaitin cəlb olunması İpoteka Fondunun imkanlarını genişləndirməklə yanaşı, mənzilə ehtiyacı olan insanlara ipoteka kreditinin aşağı faizlə təklif olunmasına şərait yaradacaq.

Millət vəkili qeyd edib ki, fərmanda göstərildiyi kimi, insanlara istismarına icazə verilmiş və təmir olunmuş mənzillər veriləcək. Bu isə vətəndaşları əlavə xərclərdən və vaxt itkisindən xilas edəcək: "Həmçinin faizlərin aşağı olması ilə əlaqədar kreditin ödənilməsi müddəti də uzana bilər. İpoteka imkanları genişləndikcə, ipoteka ilə ev alanların sayı artdıqca tikinti sektoru da güclənəcək. Təbii ki, həm mövcud binalar istifadəyə veriləcək, həm də əhalinin sosial sifarişinə və ehtiyaclarına uyğun olaraq müxtəlif kateqoriyalı mənzillər tikiləcək. Bu, eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradacaq".

Bəs ipoteka sahəsində xarici təcrübə necədir?

Ekspert Natiq Cəfərli isə deyir ki, dünya ölkələrinin müxtəlif təcrübələri var. Bəzi dövlətlərdə sosial evlər layihəsi mövcuddur: "Məsələn, qonşu Türkiyədə bir neçə ildir ki, Toplu Konuk İdarəsi (TOKİ) adlı idarə dövlətin idarəçiliyindədir. Artıq sosial evlər layihəsinə start verib. 6 ilə yaxındır ki, bu proje bir çox şəhərlərdə, o cümlədən İstanbulda davam edir. Aztəminatlı ailələr ay ərzində çox az bir məbləğ ödəməklə ev sahibi olurlar. Ödənilən məbləğ şəhərdən şəhərə dəyişir. İstanbulda bir qədər yüksəkdir. Ancaq Türkiyə ortalaması ilə 200 TL - bizim pulla 100 manat civarında vəsait ödəməklə sosial evlərdən mənzil qazana bilirlər. 20-25, hətta 30 illik müqavilələr bağlanılır. Bu ödənişlər bitdikdən sonra həmin ev vətəndaşa qalır. Vətəndaşın isə ödədiyi məbləğ gözünə görünmür". 

N.Cəfərlinin fikrincə, Türkiyə təcrübəsi çox maraqlıdır. Ancaq burada hökumətlə bərabər bələdiyyələr də aktiv iştirak edir: "Təəssüf ki, Azərbaycanda bələdiyyə institutu iflic vəziyyətdədir. Bələdiyyələrin bu məsələdə iştirakı heç vaxt olmayıb və bundan sonra da olacağı gözlənilmir. Dövlət isə sosial evlər layihəsinə yaxın durmaq istəmir. Çünki orda da bəzi çətinliklər var. Türkiyə təcrübəsi odur ki, ərazilər pulsuz, yəni heç bir ödəniş olunmadan tikinti şirkətlərinə verilir. Ancaq infrasturukturun tamamını dövlət öz üzərinə götürür. Bu əraziyə yolların çəkilməsi, işığın, suyun, qazın  və digər infrastrukturun qurulmasını təmin edir. Bundan sonra dövlət tender elan edir. Həmin tenderin qalibləri hansı şirkət olursa, TOKİ ilə bərabər və ya TOK-i tək başına o layihələri həyata keçirir. Azərbaycanda hələ ki bu tip layihələrin olması ehtimalı çox aşağıdır. Ona görə də bəzi problemlər yaşanır. O ki qaldı kredit faizlərinə, Amerikada 2 faizdən başlayan ipoteka kreditləri var. Avropada da buna bənzər ipoteka kreditləri var. Amerikada vəziyyət bir qədər başqadır. Orda ödənişlərin getdikcə artması ilə davam edən kredit növü var. Bu da ona görədir ki, məsuliyyət hissini artırır. Ancaq faizlər çox aşağıdır. Bu da əhalidə ipotekalara çox ciddi maraq yaradır".

"Bizdə isə ən yaxşı halda sosial ipoteka 4 faizlə verilir ki, bu da çox az kəsimə şamil olunur. Əsasən kreditlər 8 faizdən başlayıb, 16, 18 faizə qədər illik faiz dərəcəsinə yüksəlir. Bu da insanların kreditlərdən istifadə etmək şansını minimuma endirir. Ona görə də ipoteka kreditləri həddindən artıq baha başa gəlir" - deyə ekspert bildirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM