Azərbaycanda istehsal olunan dərmanlara niyə tələbat yoxdur?

14:11 | 28.04.2022
Azərbaycanda istehsal olunan dərmanlara niyə tələbat yoxdur?

Azərbaycanda istehsal olunan dərmanlara niyə tələbat yoxdur?

Bir çox ölkələrdə o cümlədən Türkiyədə dərmanlar dövlət tərəfindən ƏDV vergisindən azad edilib və bu da dərmanların ucuz olmasına zəmin yaradır. Ölkəmizdə bir qrup dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyən edilsə də, qiymətləri tənzimlənməyən dərmanlar da az deyil. Bu da apteklərdə bəzi preparatların baha satıldığı ilə bağlı iddialar yaradır. Həmin dərmanların qiymətinin qonşu ölkələrlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox olduğu bildirilir.   
 
2021-ci ilin 11 ayı ərzində Azərbaycana 477 milyon 149 min dollar dəyərində 19 min 901 ton əczaçılıq məhsulları idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 44% artıb, miqdar ifadəsində isə 3,6% azalıb. 2020-ci ilin 11 ayında Azərbaycana 331 milyon 175 min dollar dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal edilib. Bu ilin yanvar-martında  isə Azərbaycana 163 369,57 min ABŞ dolları dəyərində 7 455,82 ton əczaçılıq məhsulları idxal olunub. 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 44,3%, həcmi isə 15,5% atıb. Martda ölkəyə 43 862,29 min. dollar dəyərində 2 754,84 ton sözügedən məhsullar idxal edilib ki, bu da fevral ilə müqayisədə dəyər ifadəsində 39,7% az, həcm ifadəsində isə 21,7% çoxdur.

2019-cu ilin dekabrında Pirallahı Sənaye Parkında İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə "R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib. Sənaye kompleksində onkoloji, göbələk, virus əleyhinə dərmanların, o cümlədən HIV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin istehsalı planlaşdırılıb. Həmçinin şəkərli diabet, rentgen kontrast və maqnit rezonans müayinələri üçün vasitə və maddələrin buraxılması da nəzərdə tutulub. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksidir.
 
Azərbaycanda istehsal olunan dərmanların apteklərdə tələbatı və satışı ilə maraqlandıq. Apteklərdə bildirdilər ki, Azərbaycan istehsalı olan dərmanlar satışa daxil olsa da onlara tələbat azdır. Bunun da səbəbi həkimlərin yazdığı reseptlərlə bağlıdır. Qiymətlərə gəldikdə isə Azərbaycan istehsalı olan dərmanların da qiyməti bir o qədər ucuz deyil və 5-20 manat arasında dəyişir. 
 
Həkim Yeganə Vəliyeva nəinki Azərbaycanda istehsal olunan hətta xaricdən kefiyyətsiz dərmanlar sifariş edən apteklərdən gileyləndi.
 
"Azərbaycanda xaricdən dərman sifariş edən şirkətlər sifariş etdikləri dərmanların əsas tərkib hissəsini çıxartdıraraq daha ucuz başa gəlməsi üçün addımlar atır. Nəticədə həmin dərmanları apteklərdə həm baha satırlar, həm də kefiyyəti olmur. Necə olur ki, eyni dərman xaricdə baha, bizdə isə ucuz qiymətə satılır? Bu gün apteklərdə o qədər xoşagəlməz fırıldaq oyunlar aparılır ki, adam bilmir pasiyenti necə müalicə etsin?", - həkim deyib.
 
Vəliyeva onu da bildirib ki, Azərbaycana daha əvvəl gələn ucuz məhsullar daha effektli idi.
 
"Biz xəstələrə əvvəllər daha ucuz dərmanlar yazırdıq. Həm nəticəsi yaxşı olurdu, həm də hamının cibinə uyğun idi. İndi o dərmanlar apteklərdə yoxa çıxıb. Satışda olan dərmanları da xəstə məcburən alır, amma nəticəsini görmür. Sanki mel yeyirik dərman yox", - həkim vurğulayıb.
 
İqtisadi məsələlər  üzrə ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda yerli dərman zavodunun olması dərman qiymətlərinə heç bir təsir etməyib.
 
"Dərman istehsal edən ölkələrin özünün xammalı olur. Hansı ölkə ki, öz xammalını istehsal edə bilmir xaricdən molekul alıb dərman istehsal etməyi o qədər də effekt vermir. Azərbaycan dərman istehsalı sahəsində Rusiya və İranla müqavilə bağlayıb. Nəticə də müsbət olmadı. Hələ də ölkədə dərman bazarının 90%-dən çoxu xarici dərmanların hesabına formalaşır”, - Cəfərli bildirib.

Ekspertin fikrincə, qiymətlərin dövlət tərəfindən tənzimlənməsində problemlər var.

"Böyük şirkətlərin hegimonluğu sayəsində bazarda xırda və orta dərman şirkətləri yoxa çıxdı. İstehsal sahələri genişlənməlidir. Qısa zamanda ölkəyə dərman gətirən şirkətlərin artırılmasına dəstək göstərilməlidir. Ən azı dərmanlar ƏDV vergisindən və gömrük rüsumundan azad olunmalıdır”, - ekspert vurğulayıb.

Deputatlara Azərbaycan istehsalı olan dərmanları alırsınızmı? sualı ünvanladıq. Məlum oldu ki, bəzi deputatların Azərbaycanda yerli dərman zavodunun mövcudluğundan və dərman istehsal olunmasından heç xəbəri yoxdur. Bir qisim deputat isə bildirdi ki, onlar yalnız məsləhətli dərmanları almağa üstünlük verir.   
 
Gülnar Nazimqızı 
 










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM